Son 6 ayda 6,1 ton müxtəlif növ ərzaq malları satışdan çıxarılaraq məhv edilib

Son 6 ayda 6,1 ton müxtəlif növ ərzaq malları satışdan çıxarılaraq məhv edilib Ağstafada “Azərbaycanda istehlakçı hüquqları qorunur” mövzusunda konfrans keçirilib
Biznes
24 İyul , 2015 21:00
Son 6 ayda 6,1 ton müxtəlif növ ərzaq malları satışdan çıxarılaraq məhv edilib

Bakı. 24 iyul. REPORT.AZ/ Bu gün Ağstafada İqtisadiyyat və Sənaye Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinin təşkilatçılığı ilə “Azərbaycanda istehlakçı hüquqları qorunur” mövzusunda konfrans keçirilib.

“Report” Nazirliyə istinadən bildirir ki, tədbirdə aidiyyəti dövlət qurumlarının, ictimai təşkilatların nümayəndələri və 120-ə yaxın istehlakçı iştirak edib. Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinin rəis müavini Araz Əliyev Azərbaycanda həyata keçirilən iqtisadi siyasətin prioritet istiqamətlərindən birinin istehlakçı hüquqlarının qorunması olduğunu, Azərbaycanda istehlakçı hüquqlarının müdafiəsi sahəsində dövlət siyasətinin əsasının Ümummilli Liderimiz Heydər Əliyev tərəfindən qoyulduğunu və Prezident İlham Əliyevin rəhbərliyi ilə bu sahədə işlərin daha da gücləndirildiyini vurğulayıb. İstehlakçıların hüquqlarının müdafiəsi sahəsində maarifləndirmə tədbirlərinin, istehlakçı fəallığının artırılmasının əhəmiyyətini diqqətə çatdıran Araz Əliyev Dövlət Xidmətinin təşkilatçılığı ilə müvafiq dövlət qurumlarının, ictimai təşkilatların, sahibkarların, ictimaiyyət və kütləvi informasiya vasitələrinin nümayəndələrinin iştirakı ilə keçirilən seminar və konfransların bu baxımdan əhəmiyyətini vurğulayıb. Qeyd olunub ki, maarifləndirmə tədbirləri çərçivəsində 2015-ci ilin birinci yarımilliyində istehlakçı hüquqlarına dair 18 adda 52580 ədəd buklet, 6 adda 3200 ədəd yaddaş kitabçası hazırlanaraq istehlakçılara paylanıb. Hazırda KİV ilə istehlakçıların maarifləndirilməsi istiqamətində əməkdaşlıq davam etdirilir, müxtəlif maarifləndirici materiallar dərc edilir, birgə televiziya verilişləri hazırlanır. Tədbirdə həmçinin, xidmət qaydalarının tələblərinə əməl olunması və xidmət mədəniyyətinin yüksəldilməsi istiqamətində həyata keçirilən maarifləndirici tədbirlər barədə məlumat verilib.

İstehlakçıların hüquqlarının etibarlı müdafiəsinin təmin olunması, istehlak bazarının keyfiyyətsiz və insan sağlamlığı üçün təhlükəli mallardan qorunması məqsədilə Dövlət Xidməti tərəfindən maarifləndirmə tədbirləri ilə yanaşı, inzibati tədbirlər də həyata keçirilir. Belə ki, 2015-ci ilin birinci yarımilliyində həyata keçirilmiş nəzarət tədbirləri zamanı mənşəyi məlum olmayan, saxlama müddəti ötən, etiketlənməsi, keyfiyyət və təhlükəsizlik göstəriciləri normativ sənədlərin tələblərinə uyğun olmayan 6,1 ton müxtəlif növ ərzaq malları satışdan çıxarılaraq məhv edilib.

Ağstafada keçirilən Konfransda Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinin əməkdaşları “İstehlakçı hüquqlarının müdafiəsi ilə bağlı görülmüş işlər və qarşıda duran vəzifələr”, “Hər bir istehlakçı öz hüquqlarını bilməlidir”, “Ərzaq malları alarkən nələrə diqqət yetirməli” mövzularında məruzələrlə çıxış edib, tədbir iştirakçılarının suallarını cavablandırıblar.

Son xəbərlər

Orphus sistemi