SKMF iri layihələrə kiçiklərlə müqayisədə 400 dəfə çox kredit ayırır

SKMF iri layihələrə kiçiklərlə müqayisədə 400 dəfə çox kredit ayırır Fondun ötən il maliyyələşdirdiyi layihələrin 83%-i iri sahibkarlara məxsus olub
Biznes
22 Fevral , 2017 14:34
SKMF iri layihələrə kiçiklərlə müqayisədə 400 dəfə çox kredit ayırır

Bakı. 22 fevral. REPORT.AZ/ İqtisadiyyat Nazirliyi yanında Sahibkarlığa Kömək Milli Fondu (SKMF) iri layihələrə kiçik və orta layihələrlə müqayisədə dəfələrlə çox pul ayırır. 

Bu, “Report”un apardığı hesablamalar nəticəsində məlum olub.

Belə ki, ötən il fond güzəştli kredit kimi verdiyi 157,652 mln. manatı 41 iri layihəyə yönəldib. Bu isə o deməkdir ki, iri layihələrin hər birinə orta hesabla 3,845 mln. manat ayrılıb.

Ötən ildə SKMF-in xətti ilə 34 orta layihəyə 8,89 mln. manat, yəni hər birinə orta hesabla 261,5 min manat, 2 402 kiçik layihəyə isə 22,878 mln. manat, yəni hər birinə orta hesabla 9,5 min manat yönəldilib.

Başqa sözlə, fond hər bir iri layihəyə orta layihə ilə müqayisədə 14,7 dəfə, kiçik layihə ilə müqayisədə isə 404,7 dəfə çox pul ayırıb.

Qeyd edək ki, iri həcmli kreditlər SKMF-in ötənilki xərcləmələrində 83,2%-lik paya malik olub. Qalan 16,8%-lik hissə isə kiçik və orta həcmli kreditlərin payına düşüb. Baxmayaraq ki, fond Azərbaycanda kiçik və orta sahibkarlığın inkişafı məqsədi ilə yaradılıb, onun xətti ilə ayrılan kreditləri isə daha çox iri sahibkarlar alır.

Məsələ ilə bağlı İqtisadiyyat Nazirliyindən "Report"a bildirilib ki, hesabat ilində maliyyə dəstəyi verilmiş layihələrin 97%-i kiçik sahibkarlara məxsus olub. Halbuki, ayrılan vəsaitin 4/5 hissəsi iri sahibkarlara təqdim olunub.

Son xəbərlər

Orphus sistemi