Yuxarı
    Bağlamaq

    Salyanda sahibkarlara 40,6 mln. manat güzəştli kredit verilib

    Rayonda güzəştli kreditlər hesabına müasir istixana kompleksi yaradılır

    Bakı. 16 dekabr. REPORT.AZ/ Bu gün İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu (SKMF) Salyan rayonunda sahibkarlığın güzəştli kreditləşdirilməsi məsələlərinə dair işgüzar forum keçirib.

    İqtisadiyyat Nazirliyindən "Report"a verilən xəbərə görə, 100-dən çox sahibkarın iştirak etdiyi tədbirdə sahibkarlara güzəştli kreditlərin alınması mexanizmi barədə məlumat verilib, Salyanda həyata keçirilməsi məqsədəuyğun hesab olunan nümunəvi layihələr təqdim olunub, sahibkarların investisiya layihələri maliyyələşdirilib.

    Forum çərçivəsində rayonun iqtisadi potensialının reallaşdırılması məqsədilə prioritet hesab olunan ixtisaslaşdırılmış "yaşıl market"in, intensiv bağçılıq, taxılçılıq, kiçik cins heyvandarlıq, istixana təsərrüfatlarının yaradılması və soya əkini üzrə nümunəvi investisiya layihələrinin təqdimatı keçirilib. Kiçik həcmli investisiya layihələrinin ümumi dəyərinin 100%-dək hissəsinin dövlətin güzəştli kreditləri hesabına maliyyələşdiriləcəyi bildirilib. 

    Fondun icraçı direktoru Şirzad Abdullayev qeyd edib ki, indiyədək Salyanda olan 380-dən çox sahibkarın investisiya layihəsinin maliyyələşdirilməsinə 40,6 mln. manat güzəştli kredit verilib: "Ümumilikdə, bugünə qədər Aran iqtisadi rayonunda fəaliyyət göstərən 12 min 800-dən artıq sahibkara 503 mln. manatdan çox güzəştli kredit verilib. Bu kreditlər 39 mindən çox yeni iş yerinin açılmasına imkan verir".

    İşgüzar forum çərçivəsində Salyan və ətraf rayonlardan olan 41 sahibkara 5,4 mln. manat güzəştli kredit verilib. Kreditlər əsasən istixana kompleksinin inşası, quşçuluq, tərəvəzçilik, əkinçilik, heyvandarlıq, plastik qapı-pəncərə istehsalı sahələrinin inkişafına yönəldiləcək. Bu kreditlərdən istifadə etməklə investisiya layihələrinin reallaşdırılması hesabına 200-ə yaxın yeni iş yerinin açılması mümkün olacaq.
    Tədbir çərçivəsində rayonun Yenikənd kəndində güzəştli kreditlər hesabına yaradılan müasir istixana kompleksinə baxış keçirilib. 

    Qeyd edək ki, ümumilikdə, SKMF tərəfindən ildə 88,5 min ton tərəvəz məhsulları istehsal etmək gücündə olan 60 müasir istixana kompleksinin yaradılmasına 170,6 mln. manat güzəştli kredit verilib.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi