Bakıda sahibkarların maliyyə bazarlarına çıxışına həsr olunmuş forum keçirilir - YENİLƏNİB

Bakıda sahibkarların maliyyə bazarlarına çıxışına həsr olunmuş forum keçirilir - YENİLƏNİB İlk xəbər saat 10:30-da verilib
Biznes
14 Noyabr , 2019 14:44
Bakıda sahibkarların maliyyə bazarlarına çıxışına həsr olunmuş forum keçirilir - YENİLƏNİB

İlk xəbər saat 10:30-da verilib

Bu gün Bakı Biznes Mərkəzində İqtisadiyyat Nazirliyinin Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) yanında fəaliyyət göstərən İctimai Şuranın təşkilatçılığı ilə “Kiçik və orta biznes subyektlərinin maliyyə bazarlarına çıxışında şəffaflıq: mövcud vəziyyət və perspektivlər” mövzusunda forum keçirilib.

"Report" xəbər verir ki, tədbiri giriş sözü ilə KOBİA-nın İdarə Heyətinin sədri (KOBİA) Orxan Məmmədov açıb.

O bildirib ki, maliyyə bazarlarına çıxış hər bir sahibkarı maraqlandırır: “Bu baxımdan KOBİA yanında İctimai Şuranın iştirakı ilə təşkil edilən tədbirlərə önəm veririk. Bu səpkidə mütəmadi olaraq bir sıra görüşlər keçirilir".

O.Məmmədovun sözlərinə görə, bu gün kiçik və orta biznes subyektlərinin əsas çətinlikləri maliyyə resurslarına çıxışla bağlı məsələdir: “Agentliklə banklar arasında daha sıx əməkdaşlığın qurulması bu sahəyə öz töhfəsini verəcək”.

Maliyyə Bazarlarına Nəzarət Palatasının İdarə Heyəti sədri vəzifəsini icra edən İbrahim Alışov, AzərbaycanMərkəzi Bankının Baş direktoru Rəşad Orucov, Azərbaycan Banklar Assosiasiyasının prezidenti Zakir Nuriyev və Azərbaycan Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının prezidenti Məmməd Musayev çıxışlarında mövcud maliyyələşdirmə mexanizmləri, KOB-ların maliyyə resurslarına çıxışının genişləndirilməsi üçün həyata keçirilən tədbirlər, yeni maliyyələşdirmə mexanizmləri, kiçik və orta biznes subyektlərinin maliyyə ehtiyaclarının öyrənilməsi tədbirləri barədə məlumat veriblər.

KOBİA yanında İctimai Şuranın sədri Fərhad Qaraşov forumun keçirilməsi məqsədi, KOBİA yanında İctimai Şuranın fəaliyyəti barədə məlumat verib, KOB-ların, müvafiq dövlət qurumlarının və vətəndaş cəmiyyəti institutlarının iştirakı ilə mütəmadi olaraq üçtərəfli formatda tədbirlərin keçirildiyini bildirib. O, forumda səsləndirilən fikirlərin, rəy və təkliflərin nəzərə alınacağını və aidiyyəti üzrə təqdim olunacağını qeyd edib. 

Forum çərçivəsində həmçinin, müxtəlif maliyyə təşkilatlarının mikro, kiçik və orta sahibkarlıq subyektlərinə təqdim etdiyi maliyyə xidmətlərinin sərgisi təşkil olunub. Tədbirdə mikro, kiçik və orta sahibkarlıq subyektlərinin maliyyə bazarlarına çıxışı ilə bağlı aktual məsələlər, maliyyə təşkilatları tərəfindən göstərilən xidmətlər, dövlət və özəl qurumların təqdim etdiyi mövcud və alternativ maliyyələşdirmə mexanizmləri ilə bağlı müzakirələr aparılıb, sahibkarları maraqlandıran suallar cavablandırılıb.

Son xəbərlər

Orphus sistemi