Yuxarı

Almaniyada ixtisasartırma kursu keçəcək sahibkarlar və menecerlər üçün hazırlıq seminarı keçirilib

Tədbir Bakı Biznes Tədris Mərkəzi və Almaniyanın Beynəlxalq Əməkdaşlıq Agentliyi (GİZ) tərəfindən düzənlənib

Bakı. 2 fevral. REPORT.AZ/ Almaniyanın Hannover şəhərində yerləşən “AHP İnternational” Tədris Mərkəzində və müvafiq müəssisələrdə 1-28 mart tarixlərində “İqtisadi kooperasiya” üzrə tədris və təcrübə keçəcək 20 sahibkar və menecer üçün 31 yanvar - 1 fevral tarixlərində Bakı Biznes Tədris Mərkəzində hazırlıq seminarı keçirilib.

"Report" xəbər verir ki, iki gün davam edən tədbirdə sahibkar və menecerlərə beynəlxalq iqtisadi kooperasiya, Almaniya müəssisələri ilə işgüzar danışıqların aparılması və əməkdaşlığın qurulması və s. barədə ətraflı məlumat verilib, iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

Seminar İqtisadiyyat və Sənaye Nazirliyinin Bakı Biznes Tədris Mərkəzinin Almaniyanın Beynəlxalq Əməkdaşlıq Agentliyi (GİZ) ilə birlikdə “Azərbaycan Respublikasında biznesin idarə edilməsi sahəsində kadrların ixtisasının artırılması üzrə Almaniya-Azərbaycan ikitərəfli Proqram”ı çərçivəsində həyata keçirilir.

Qeyd edək ki, ötən il oktyabrın 28-30-da sahibkar və menecerlərin ixtisasartırma kurslarına göndərilməsi məqsədilə namizədlərin seçilməsi üzrə müsabiqələr keçirilib. Müsabiqədə iştirak edən 52 sahibkar və menecerdən 33-ü müvəffəqiyyət qazanıb. Müsabiqədən uğurla keçənlər 2015-ci ilin mart və oktyabr-noyabr aylarında iqtisadi kooperasiya, kənd təsərrüfatı, səhiyyə üzrə müvafiq qrupların tərkibində Almaniyanın müxtəlif təlim və tədris müəssisələrində ixtisasartırma kursları keçəcəklər.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi