​Saatlı rayonunda sahibkarlara güzəştli kredit verilib

​Saatlı rayonunda sahibkarlara güzəştli kredit verilib Forum çərçivəsində 86 sahibkara 620 min manat güzəştli kredit verilib
Biznes
3 İyun , 2016 18:50
​Saatlı rayonunda sahibkarlara güzəştli kredit verilib

Bakı. 3 iyun. REPORT.AZ/ Bu gün İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu (SKMF) Saatlı rayonunda sahibkarlığın güzəştli kreditləşdirilməsi məsələlərinə dair işgüzar forum keçirib. 

“Report” İqtisadiyyat Nazirliyinə istinadən xəbər verir ki, işgüzar forumda sahibkarlara güzəştli kreditlərin alınması mexanizmi barədə məlumat verilib, Saatlıda həyata keçirilməsi məqsədəuyğun hesab olunan nümunəvi layihələr təqdim olunub, sahibkarların investisiya layihələri maliyyələşdirilib.

Forumda çıxış edən SKMF-nın icraçı direktoru Şirzad Abdullayev deyib ki, bu ilin ötən dövrü ərzində 1040-a yaxın sahibkara 56,8 mln. manat güzəştli kredit verilib. Onun sözlərinə görə, bu kreditlərdən istifadə etməklə investisiya layihələrinin reallaşdırılması 2200-dən çox yeni iş yerinin yaradılmasına imkan verir: “Ümumilikdə, bugünədək Aran iqtisadi rayonunda fəaliyyət göstərən sahibkarlıq subyektlərinin 12300-ə yaxın investisiya layihəsinin maliyyələşdirilməsinə 482 mln. manat güzəştli kredit verilib. Digər sahələrlə yanaşı, müasir texnologiyaların tətbiqinə əsaslanan logistik mərkəzlərin, quşçuluq fabriklərinin, cins heyvandarlıq komplekslərinin, çörək zavodlarının, meyvə-tərəvəz, ət, süd emalı,quru meyvə, tikinti materiallarının istehsalı müəssisələrinin, iri fermer, üzümçülük, intensiv bağçılıq təsərrüfatlarının yaradılması və s. sahələr üzrə investisiya layihələri maliyyələşdirilib”.

Forumda 100-ə yaxın sahibkariştirak edib. Forum çərçivəsində rayonun iqtisadi potensialının reallaşdırılması məqsədilə prioritet hesab olunan ixtisaslaşdırılan “yaşıl market”in, iri fermer, intensiv bağçılıq, cins heyvandarlıq və tərəvəzçilik təsərrüfatlarının, çörək istehsalı vəsüd emalı müəssisələrinin yaradılması üzrə nümunəvi investisiya layihələrinin təqdimatı keçirilib. Kiçik həcmli investisiya layihələrinin ümumi dəyərinin 100%-dək hissəsinin dövlətin güzəştli kreditləri hesabına maliyyələşdiriləcəyi bildirilib, sahibkarlara nümunəvi layihələr və metodiki materiallar paylanıb.

İşgüzar forum çərçivəsində Saatlı və ətraf rayonlardan olan 86 sahibkara 620 min manat güzəştli kredit verilib. Bu kreditlər əsasən, pambıqçılıq, heyvandarlıq, quşçuluq və s. sahələrin inkişafına yönəldiləcək. Kreditlərin reallaşdırılması hesabına 90 yeni iş yerinin açılması mümkün olacaq.

Forum çərçivəsində Saatlıda güzəştli kredit ayrılan pambıqçılıq üzrə iri fermer təsərrüfatında aparılan işlərə baxış keçirilib.

Qeyd edək ki, indiyədək pambıqçılığın inkişafı ilə bağlı 270-ə yaxın sahibkara 59,4 mln. manat, o cümlədən 5 iri fermer təsərrüfatına 23 mln. manat, 250-dək kiçik və orta həcmli pambıqçılıq təsərrüfatına 2,6 mln. manat, pambığın ilkin emalı ilə bağlı 7 sahibkara 3,8 mln. manat və müasir texnologiyalara əsaslanan 7 tekstil fabrikinə 30 mln. manat güzəştli kredit verilib.

Son xəbərlər

Orphus sistemi