Koronavirus (COVID-19) pandemiyası dövründə xüsusi karantin rejiminin tətbiq olunması ilə əlaqədar işsiz kimi qeydiyyatda olan şəxslərə birdəfəlik ödənişlərin verilməsi davam edir. Vətəndaşlar Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin elektron portalından qeydiyyatdan keçərək maliyyə dəstəyindən yararlanırlar. Lakin vergi ödəyicilərinin eyniləşdirmə nömrəsi (VÖEN) olan şəxslərə ödənişin verilməsindən imtina edilir. Buna səbəb kimi həmin vətəndaşların fərdi sahibkar kimi tanınması göstərilir.
“Report”un məlumatına görə, adına VÖEN olan şəxslərə birdəfəlik sosial yardımın verilməsindən imtina edilməsi böyük narazılıqlara səbəb olub. Minlərlə insan vergi orqanlarına müraciət edərək VÖEN-lərini bağlatmağa çalşır. Lakin...
Hər şey sosial müavinətlərin təyin edilməsindən başladı
Maraqlıdır ki, bu gün adına VÖEN olan bir çox şəxslər bir zaman sosial müavinətlərin alınması üçün bank hesabı açdırmaq məqsədilə vergi uçotuna aldırılmış şəxslərdir. Bu aztəminatlı, yardıma ehtiyacı olan şəxslərdir ki, onlardan asılı olmayan səbəblərdən hansısa qaydaların tələbi əsasında VÖEN açdırmağa məcbur olub. Onlar sosial zərurətdən irəli gələrək bu addımı atıblar və sonra VÖEN-lərini passivləşdiriblər. Həmçinin hansısa müvəqqəti işləri yerinə yetirməkdən ötrü əvvəllər vergi uçotuna durmuş bəzi şəxslər öz fəaliyyətini müvəqqəti dayandırıb və ondan sonra, ümumiyyətlə, işləməyiblər.
Nazirlər Kabinetinin qərarı isə başqa şey deyir
Nazirlər Kabineti “Koronavirus (COVID-19) pandemiyası dövründə xüsusi karantin rejiminin tətbiq olunması ilə əlaqədar işsiz kimi qeydiyyatda olan şəxslərə birdəfəlik ödəmənin verilməsi şərtləri və qaydası”nın təsdiq edilməsi barədə 2020-ci ilin aprelin 7-də, 127 №-li qərar qəbul edib. Həmin qərarda birdəfəlik ödəmənin verilməsindən imtina halları göstərilib. Bu hallardan biri aşağıdakı kimidir:
2.3.9. əri və ya arvadı sahibkar olanlara (aktiv VÖEN-i olan) və ya MEİS-in “Əmək müqaviləsi bildirişi” altsistemində aktiv əmək müqaviləsi bildirişi olanlara.
Beləliklə, qərarda çox aydın bir şəkildə yazılıb ki, birdəfəlik ödəmə aktiv VÖEN-i olan şəxslərə verilmir. Bəs ölkədə nə qədər qeyri-aktiv vergi ödəyicisi var? Bu məsələni aydınlaşdımaq üçün İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə müraciət etdik. Xidmətdən bildirdilər ki, bu gün ölkədə vergi qeydiyyatından keçmiş 1 milyona yaxın şəxs olsa da, onların yarıdan çoxu qeyri-aktiv ödəyicilərdir. Müxtəlif səbəblərdən vergi uçotuna düşmüş şəxslər illər ərzində heç bir sahibkarlıq fəaliyyəti həyata keçirməyib, hər hansı tranzaksiya aparmayb, bəyannamə və ya hesabat təqdim etməyiblər.
Belə ki, Nazirlər Kabinetinin Qərarı ilə təsdiq edilmiş "Koronavirus (COVID-19) pandemiyası dövründə xüsusi karantin rejiminin tətbiq olunması ilə əlaqədar işsiz kimi qeydiyyatda olan şəxslərə birdəfəlik ödəmənin verilməsi şərtləri və qaydası"na əsasən, fəaliyyəti dayandırılmış (VÖEN-i passiv olan) vergi ödəyiciləri işsiz şəxslər üçün nəzərdə tutulmuş birdəfəlik ödəmənin alınması üçün müvafiq qaydada Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə müraciət edə bilərlər.
Qeyd edək ki, fəaliyyəti qeyri-aktiv olan şəxslərdən VÖEN bağlatdırmalarını tələb etmək isə qanunsuzdur. VÖEN-in bağlanması qısa çəkən proses deyil və bu əsassız tələblər həmin insanların belə çətin şəraitdə dəstəkdən məhrum edilməsinə gətirib çıxara bilər. Ümumiyyətlə, VÖEN aktiv deyilsə, onun mövcudluğu birdəfəlik ödəmənin verilməsi üçün kriteriya olaraq qəbul edilməməlidir. Nazirlər Kabinetinin yuxarıda qeyd edilən qərarı ilə təsdiqlənmiş “Koronavirus (COVİD-19) pandemiyası dövründə xüsusi karantin rejiminin tətbiq olunması ilə əlaqədar işsiz kimi qeydiyyatda olan şəxslərə birdəfəlik ödəmənin verilməsi şərtləri və qaydaları”nın 2.3.9-cu bəndindən də açıq-aydın göründüyü kimi, fəaliyyəti dayandırılmış, yəni VÖEN-i passiv olan vətəndaşların birdəfəlik yardım üçün müraciət etmək hüququ vardır və heç kim onlardan VÖEN-in ləğv olunmasını tələb edə bilməz.