Qətərdə Azərbaycan məhsullarının satışına dair müqavilə imzalanıb

Qətərdə Azərbaycan məhsullarının satışına dair müqavilə imzalanıb Müqavilə Azərbaycanın "İDEA" MMC şirkəti ilə Qətərin "Scandinavian Supplies" şirkəti arasında imzalanıb
Biznes
28 Fevral , 2017 20:01
Qətərdə Azərbaycan məhsullarının satışına dair müqavilə imzalanıb

Bakı. 28 fevral. REPORT.AZ/ Azərbaycanın ixrac missiyasının Qətərə səfəri başa çatıb. 

İqtisadiyyat Nazirliyindən "Report"a verilən xəbərə görə, fevralın 25-27-i tarixlərini əhatə edən ixrac missiyası çərçivəsində Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun ("Azpromo") və Qətər Ticarət və Sənaye Palatasının təşkilatçılığı ilə Azərbaycan və Qətər iş adamları arasında görüş keçirilib. Tədbirdə "Azpromo"nun rəhbəri Rüfət Məmmədov Azərbaycanda qeyri-neft sektorunun inkişafı, ölkənin ixrac potensialı və bu sahədə həyata keçirilən islahatlar, ixracın stimullaşdırılması tədbirləri, rəqabətqabiliyyətli, keyfiyyətli yerli məhsullar barədə məlumat verib: "Qətərdə 100-ə yaxın ərəb iş adamının, eləcə də distributor şirkətlərin iştirakı ilə keçirilən ikitərəfli görüşlərdə Azərbaycan və ərəb iş adamları arasında əlaqələr genişləndirilib. Qətərə ixrac imkanlarına dair müzakirələr aparılıb, şirkətlərimiz istehsal etdikləri ixracyönümlü məhsullar barədə məlumat veriblər".

Tədbir çərçivəsində Azərbaycanın “İDEA” MMC ilə Qətərin “Scandinavian Supplies” şirkəti arasında “Made in Azerbaijan” brendi altında şəhər və park mebelinin Qətərdə təşviqi və satışına dair müqavilə imzalanıb.

Eyni zamanda ixrac missiyası zamanı Azərbaycan şirkətlərinin Qətər İnvestisiya Təşkilatında görüşü təşkil olunub, iş adamlarımız “Carrefour” marketlər şəbəkəsində və yerli bazarlarda olublar.

Qeyd edək ki, İqtisadiyyat Nazirliyinin təşkil etdiyi ixrac missiyasına ölkədə meyvə şirələri, təbii mineral sular, meyvə-tərəvəz, ət və ət məhsulları, qənnadı məmulatları, çay, süd və süd məhsulları, kosmetologiya, kimya məhsulları istehsalı və s. sahələrdə fəaliyyət göstərən şirkətlərin nümayəndələri daxil idi. Səfərin xərcləri dövlət tərəfindən qarşılanıb. 

Son xəbərlər

Orphus sistemi