Qazaxda aqropark və sənaye müəssisələri yaradılır

Qazaxda aqropark və sənaye müəssisələri yaradılır Bakı. 9 fevral. REPORT.AZ/ Qazax rayonunda İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondunun (SKMF) təşkilatçılığı ilə sahibkarların maarifləndirilməsi, sahibkarlıq fəaliyyətinin təşviqi, sahibkarlarla müvəkkil kredit təşkilatları arasında işgüzar əlaqələrin gücləndirilməsi və güzəştli kreditlərin verilməsi məqsədilə “Sahibkarlığın güzəştli kreditləşdirilməsi məsələləri”nə dair ilin ilk işgüzar forumu keçirilib. 
Biznes
9 Fevral , 2018 19:10
Qazaxda aqropark və sənaye müəssisələri yaradılır

Bakı. 9 fevral. REPORT.AZ/ Qazax rayonunda İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondunun (SKMF) təşkilatçılığı ilə sahibkarların maarifləndirilməsi, sahibkarlıq fəaliyyətinin təşviqi, sahibkarlarla müvəkkil kredit təşkilatları arasında işgüzar əlaqələrin gücləndirilməsi və güzəştli kreditlərin verilməsi məqsədilə “Sahibkarlığın güzəştli kreditləşdirilməsi məsələləri”nə dair ilin ilk işgüzar forumu keçirilib. 

Nazirliyin Mətbuat xidmətindən “Report”a verilən məlumata görə, 200-dək sahibkarın iştirak etdiyi forumda Qazax rayonunun iqtisadi potensialına uyğun olaraq kartofçuluq, kiçik cins heyvandarlıq və arıçılıq təsərrüfatlarının, sənaye üsulu ilə bal emalı, ət kəsimi və süd emalı müəssisələrinin, həmçinin 3 ulduzlu otelin yaradılması üzrə nümunəvi investisiya layihələrinin təqdimatı keçirilib, sahibkarlara nümunəvi layihələr, eləcə də digər metodiki materiallar təqdim olunub.

Forumda SKMF-in icraçı direktorunun müavini Arif Vəliməmmədov 2018-ci ildə Fondun fəaliyyətinin əsas hədəfləri barədə məlumat verib. Qeyd olunub ki, hazırda aqrar sektorun innovativ meyarlara uyğun qurulması, o cümlədən aqroparkların yaradılması əsas hədəflərdəndir. Dövlət başçısının tapşırıqlarına uyğun olaraq, ölkənin 28 rayonu üzrə 183 min hektar ərazidə 43 aqroparkın yaradılması işləri sürətlə davam etdirilir. 3 aqroparkda birinci mərhələ üzrə işlər başa çatdırılıb, 25 aqroparkda tikinti-quraşdırma, 15 aqroparkda isə layihələndirmə işləri aparılır. 2018-ci ildə 15 aqropark istifadəyə veriləcək.

Qeyd edək ki, ümumi dəyəri 386 mln. manat olan 15 aqroparkın yaradılmasına 103,6 mln. manat güzəştli kredit verilib.

Tədbirdə bildirilib ki, Qazaxda 850 hektar ərazidə kartofçuluq üzrə aqropark yaradılır. Hazırda kartof əkini üzrə işlər aparılan aqroparkda kartofun saxlanılması üçün anbarın tikintisi, müasir suvarma sisteminin qurulması və texnika parkının yaradılması üzrə işlər aparılır. Bundan başqa, aqroparkda çeşidləmə və qablaşdırma sahələri də yaradılacaq. Aqroparkın yaradılmasına ilkin mərhələdə 2 mln. manat güzəştli kredit verilib.

Diqqətə çatdırılıb ki, qeyri-neft məhsullarının istehsalının və ixracının artırılması, iqtisadiyyatın real sektorunda investisiya layihələrinin maliyyələşdirilməsi məqsədilə 2018-ci ildə geri qaytarılan vəsaitlər hesabına olmaqla sahibkarlıq subyektlərinə ilkin olaraq 170 mln. manat güzəştli kreditin verilməsi nəzərdə tutulur.

Artıq bu ilin ötən dövründə Fond tərəfindən geri qaytarılmış vəsaitlər hesabına 5,3 mln. manat güzəştli kredit verilib, bu layihələr hesabına 350-dək yeni iş yerinin yaradılması nəzərdə tutulur.

Forum çərçivəsində Qazax və ətraf rayonlardan olan sahibkarlara 2,2 mln. manat güzəştli kredit verilib. Bu kreditlər hesabına 150-dən artıq yeni iş yerinin yaradılması nəzərdə tutulur.

Forumdan sonra İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu vasitəsilə güzəştli kredit ayrılmış aqroparkda, sönmüş əhəng və elektrod istehsalı zavodlarında aparılan işlərə baxış keçirilib.

Son xəbərlər

Orphus sistemi