Prezident qeyri-neft məhsullarının ixracının təşviqi ilə bağlı əlavə tədbirlər haqqında fərman imzalayıb

Prezident qeyri-neft məhsullarının ixracının təşviqi ilə bağlı əlavə tədbirlər haqqında fərman imzalayıb Fərman 2020-ci ilin dekabrın 31-dək qüvvədə olacaq
Biznes
1 Mart , 2016 17:25
Prezident qeyri-neft məhsullarının ixracının təşviqi ilə bağlı əlavə tədbirlər haqqında fərman imzalayıb

Bakı. 1 mart. REPORT.AZ/ Prezident İlham Əliyev qeyri-neft məhsullarının ixracının təşviqi ilə bağlı əlavə tədbirlər haqqında fərman imzalayıb. “Report”un xəbərinə görə, sənəddə bildirilib ki, qeyri-neft sektorunun inkişafı ölkənin iqtisadi potensialının gücləndirilməsi üçün mühüm amillərdən biridir.

Sənədə əsasən, Azərbaycan Respublikasının ərazisində istehsal olunan və istehsal prosesində istifadə olunan yerli komponentlərin və ölkə ərazisində yaradılan qeyri-neft məhsullarının dəyərinin xüsusi çəkisindən, habelə ixrac olunan həmin məhsulların növündən asılı olaraq, ölkə ərazisində qeyri-neft məhsullarının ixracı ilə məşğul olan şəxslərə dövlət büdcəsinin vəsaiti hesabına ixrac təşviqi ödəniləcək.

Fərmanla müəyyən edilib ki, ödəniləcək ixrac təşviqinin baza məbləği ixrac əməliyyatlarına görə faktiki ixrac olunmuş malın ixrac gömrük bəyannaməsində nəzərdə tutulan gömrük dəyərinin 3 faizini təşkil edir.

Nazirlər Kabinetinə tapşırılıb ki, “Qeyri-neft məhsullarının ixracı ilə məşğul olan şəxslərə ixrac təşviqinin ödənilməsi qaydası”nı, “İxrac təşviqi şamil olunacaq qeyri-neft məhsullarının xarici iqtisadi fəaliyyətin mal nomenklaturası üzrə siyahısı”nı və “Məhsulların növündən asılı olaraq ixrac təşviqinin baza məbləğinə tətbiq olunacaq əmsalları” Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla bir ay müddətində müəyyən etmək, bu fərmanın 1-ci hissəsində nəzərdə tutulan ixrac təşviqinin ödənilməsi üçün cari ilin dövlət büdcəsində və 2017-2020-ci illərin dövlət büdcəsində zəruri vəsaitin nəzərdə tutulmasını təmin etmək, Azərbaycan Respublikası Prezidentinin aktlarının bu fərmana uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etmək, Nazirlər Kabinetinin normativ hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat vermək, mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat vermək, bu Fərmandan irəli gələn digər məsələləri həll etmək tapşırılıb.

Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların bu Fərmana uyğunlaşdırılmasını təmin edib Nazirlər Kabinetinə məlumat verəcək.

Fərman 2016-cı il martın 1-dən qüvvəyə minir və 2020-ci ilin dekabrın 31-dək qüvvədədir.

Son xəbərlər

Orphus sistemi