Parlament Vergilər Məcəlləsinə dəyişiklikləri təsdiq edib

Parlament Vergilər Məcəlləsinə dəyişiklikləri təsdiq edib Bəzi məhsullar ƏDV-dən azad edilib, fərdi şəxslər üçün aylıq vergi müəyyənləşdirilib
Biznes
16 Dekabr , 2016 13:19
Parlament Vergilər Məcəlləsinə dəyişiklikləri təsdiq edib

Bakı. 16 dekabr. REPORT.AZ/ Azərbaycanda Vergilər Məcəlləsinə dəyişikliklər edilməsi haqqında qanun layihəsi Milli Məclisin bugünkü plenar iclasında müzakirə olunaraq təsdiq olunub.

"Report"un verdiyi xəbərə görə, dəyişikliklərə əsasən, pərakəndə ticarətlə məşğul olan sahibkarlar tərəfindən Azərbaycanda istehsal olunmuş kənd təsərrüfatı məhsullarının satışı zamanı ƏDV ticarət əlavəsindən hesablana bilər.

Buğda idxalı və satışı, buğda unu və çörəyin istehsalı və satışı və quş ətinin satışı 2017-ci il yanvarın 1-dən etibarən 3 il müddətinə ƏDV-dən azad ediləcək.

Həmçinin, Azərbaycanda vergi öhdəliklərinin əvvəlcədən müəyyənləşdirilməsi mexanizminin hazırlanması nəzərdə tutulur.

Vergilər Məcəlləsinə yeni maddənin əlavə edilməsi ilə toylarda, şənliklərdə və digər tədbirlərdə aparıcılıq, çalğıçılıq, rəqqaslıq, aşıqlıq, məzhəkəçilik və digər oxşar fəaliyyət növü ilə məşğul olan fiziki şəxslər üçün sadələşdirilmiş vergi üzrə aylıq sabit məbləğ 30 manat müəyyən edilib.

Əlavəyə əsasən, foto, audio-video xidmətləri (foto studiyalar istisna olmaqla) sahəsində fəaliyyətlə məşğul olanlar üçün sadələşdirilmiş vergi üzrə aylıq sabit məbləğ 30 manat, saat, televizor, soyuducu və digər məişət cihazlarının təmiri ilə məşğul olanlar üçün 5 manat, fərdi yaşayış evlərində və mənzillərdə ev qulluqçusu, xəstələrə, qocalara və uşaqlara qulluq xidməti, dayə, fərdi sürücülük, ev təsərrüfatında təmizlik, bağban, aşbaz, gözətçi və digər analoji işlər üçün 10 manat, nəqqaşlıq emalatxanalarının fəaliyyəti üçün 20 manat nəzərdə tutulub.

Qeyd edək ki, bu fəaliyyət növbləri ilə məşğul olan fiziki şəxslər üçün aylıq verginin məbləği aşağıdakı əmsallar tətbiq edilməklə müəyyən ediləcək:

- Bakı şəhərində (kənd və qəsəbələr daxil olmaqla) - 2,0;

- Gəncə, Sumqayıt və Xırdalan şəhərlərində - 1,5;

- Abşeron rayonunun qəsəbə və kəndləri (Xırdalan şəhəri istisna olmaqla), Şirvan, Mingəçevir, Naxçıvan, Lənkəran, Yevlax, Şəki və Naftalan şəhərlərində - 1,0;

- digər rayon (şəhər) və qəsəbələrdə (kəndlərdə) - 0,5.

Azərbaycanda ödəmə qabiliyyətini itirmiş kommersiya banklarında aparılan restruktizasiya və sağlamlaşdırma tədbirləri çərçivəsində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada qeyri-işlək (toksik) aktivlərin təqdim edilməsi 2017-ci il yanvarın 1-dən 3 il müddətinə ƏDV-dən azad edilib.

Vergilər naziri Fazil Məmmədov bildirib ki, istirahət üçün yaxtalar əlavə vergiyə cəlb olunmalıdır və aşağı sosial təbəqə üzrə daha çox vergidən azadolma, aşağı vergi yükü tənzimlənməlidir.

Nazir ticarət əlavəsi barədə deputat Fərəc Quliyevin ittihamlarına münasibət bildirərək deputatı ticarət dövriyyəsinin necə tutulması barədə xəbərsiz olmaqda günahlandırıb: "Sosial təbəqə üçün bundan yaxşı təklif ola bilməz. Bağda bağban saxlayan da var. Bağda xidmətçi varsa, işəgötürən patentini alıb verməlidir. Bu dəyişiklik dövlət büdcəsinin gəlirlərini təmin etmək məqsədi deyil. milyonlarla vəsiaiti olan var ki, 5 tibb bacısı gətirib qulluq elətdirir. Differensiallaşma hökumətdə müzaklirə olunur. Sosial təbəqinin təminatı üçün dövlətin imkanları var".

Onun sözlərinə görə, konkret təkliflər olarsa, konkret məsələ üzrə, ictimai təbəqə üzrə təkliflər olarsa, həyata keçirilə bilər. 

Son xəbərlər

Orphus sistemi