Yuxarı

Parisdə ikinci Fransa-Azərbaycan biznes forumu keçirilib - FOTO

Tədbir Avropa-Azərbaycan Cəmiyyətinin təşkilatçılığı ilə baş tutub

Bakı. 14 May. REPORT.AZ/ Mayın 13-də Avropa-Azərbaycan Cəmiyyətinin təşkilatçılığı ilə Parisdə ikinci Fransa-Azərbaycan biznes forumu keçirilib.

"Report" AZƏRTAC-a istinadən xəbər verir ki, forumu açan Avropa-Azərbaycan Cəmiyyətinin Paris bürosunun rəhbəri xanım Mari Laetisiya-Gurdən tədbirin Fransa ilə Azərbaycan arasında əməkdaşlığın inkişafında xüsusi rol oynadığını vurğulayaraq təmsil etdiyi cəmiyyətin əsas məqsədləri barədə məlumat verib. Bildirilib ki, Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması, Avropa ilə Azərbaycan arasında sıx əlaqələr qurulması cəmiyyətin əsas fəaliyyət istiqamətlərindədir.

Fransa ilə Azərbaycan arasındakı əlaqələrin inkişafına toxunan ofis rəhbəri son illər bu sahədə əldə olunan nailiyyətlərdən söz açıb.

Avropa-Azərbaycan Cəmiyyətinin ölkəmizin tanıdılması istiqamətindəki fəaliyyətini yüksək qiymətləndirən Azərbaycanın Fransadakı səfiri Elçin Əmirbəyov forumun iqtisadi sahədə iki ölkə arasındakı münasibətlərə yeni töhfələr verəcəyini söyləyib.

Ölkəmizin Fransanın əsas iqtisadi tərəfdaşlarından biri olduğunu bildirən səfir deyib ki, zəngin təbii ehtiyatlara malik Azərbaycanda iqtisadiyyatın şaxələndirilməsi və regionların iqtisadi inkişafı dövlətin əsas prioritetlərindəndir.

Azərbaycanın Fransa ilə iqtisadi, mədəni, idman, turizm və digər sahələrdə əməkdaşlıqda maraqlı olduğunu vurğulayan səfir şəhərlərimiz arasında dostluq xartiyasının imzalandığını, Fransa tərəfinin də buna xüsusi dəstək verdiyini bildirib.

Elçin Əmirbəyov Azərbaycan hökuməti tərəfindən sosial-iqtisadi inkişafla bağlı müxtəlif Dövlət proqramlarının həyata keçirilməsinin regionlarda infrastrukturun yaranmasına xidmət etdiyini, bunun da nəticəsində xarici investorların bölgələrə diqqət yetirməsini və sərmayə yatırmasını, nəticədə bir milyondan artıq yeni iş yerinin açılmasını, kənd təsərrüfatının inkişafı ilə əlaqədar 2015-ci ilin “Kənd təsərrüfatı ili” elan edilməsini xüsusi vurğulayıb.

Səfir sabit və müstəqil ölkə olan Azərbaycanın bir sıra enerji layihələrinin təşəbbüskarı və aparıcı qüvvəsi kimi çıxış etdiyini, informasiya və kommunikasiya texnologiyaları ilə bağlı bir sıra layihələrin uğurla həyata keçirildiyini, Azərbaycanın Avropanın enerji təhlükəsizliyi baxımından etibarlı tərəfdaş olduğunu bildirib.

Son Dünya İqtisadi Forumunda dünya rəqabətlilik reytingində Azərbaycanın region ölkələri arasında birinci yerdə olduğunu xatırladan diplomat Cənubi Qafqaz bölgəsinin ümum daxili məhsul həcminin 75 faizinin ölkəmizin payına düşdüyünü qeyd edib və hər il Gəncədə təşkil edilən beynəlxalq şərabçılıq festivalında Fransanın qonaq qismində iştirakını yüksək dəyərləndirib.

Avropa qitəsində ən böyük idman tədbiri olacaq “Bakı-2015” ilk Avropa Oyunlarına 28 gün qaldığını xatırladan Elçin Əmirbəyov forum iştirakçılarını bu oyunlarda iştirak etmək üçün Azərbaycana, xalqımızın zəngin mədəni dəyərləri ilə yaxından tanış olmağa dəvət edib.

Fransanın Azərbaycandakı səfiri Paskal Mönye çıxışında ötən forumla müqayisədə bu il təşkil olunan tədbirdə iştirakçıların sayının çoxluğunu ölkələrimiz arasında əməkdaşlığın yüksək göstəricisi kimi qiymətləndirib.

Azərbaycanın iqtisadi cəhətdən Cənubi Qafqaz və Xəzər dənizi bölgəsində ən inkişaf edən, qabaqcıl Avropa ölkələri arasında layiqli yeri tutan ölkə olduğunu diqqətə çatdıran fransız diplomatı hazırda hökumətin qeyri-neft sektorlarının inkişafına xüsusi diqqət yetirdiyini, bununla əlaqədar müxtəlif layihələrin həyata keçirildiyini bildirib.

Ölkələrimiz arasındakı mövcud əlaqələrə toxunan səfir Bakıda Fransız-Azərbaycan Universitetinin yaranmasına dair niyyət məktubunun imzalandığını, hava məkanı üçün yeni Airbüs təyyarələrinin alındığını, şəhər infrastrukturlarının inkişafında Fransanın yaxından iştirak etdiyini diqqətə çatdırıb.

Fransa və Azərbaycanın müxtəlif şirkət nümayəndələrinin forumdakı çıxışlarında Azərbaycanla Avropa İttifaqı arasında əməkdaşlıqdan bəhs olunub, Avropa İttifaqının qonşuluq siyasəti və Şərq tərəfdaşlığı çərçivəsində Azərbaycanla iqtisadi, elm, təhsil və digər sahələrdə layihələrin uğurla həyata keçirildiyi vurğulanıb, ölkəmizin Dünya Ticarət Təşkilatına üzv olması istiqamətində danışıqlar aparıldığı qeyd olunub.

Forum çərçivəsində Bakı-2015-ci il ilk Avropa Oyunlarının təqdimatı keçirilib. Qeyd olunub ki, Avropa Oyunları ilə bağlı hazırlıq işləri başa çatıb. Müasir üslubda inşa olunan yeni stadion artıq hazırdır. Sağlam rəqabət şəraitində keçiriləcək yarışlarda 16 olimpiyada və 4 qeyri olimpiada idman növündə 6 min idmançı öz qüvvəsini sınayacaq. Oyunlar, həmçinin Fransanın “L’Equipe” televiziya kanalı vasitəsilə də yayımlanacaq. Oyunların gedişatını minə yaxın jurnalist işıqlandıracaq.

Sonda Avropa Oyunları ilə bağlı videoçarx göstərilib. Forum iştirakçıları bu mühüm idman tədbirinə həsr olunan fotosərgi ilə tanış olublar.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi