Yuxarı
    Bağlamaq

    "Palsüd" məhsullarının yükləndiyi ilk maşın karvanı Gürcüstana yola salınıb - FOTO

    Şirkət Azərbaycan sərhədlərini aşıb

    Bakı. 3 iyun. REPORT.AZ/ Azərbaycanda özünəməxsus keyfiyyəti ilə alıcıların rəğbətini qazanan "Palsüd" ölkə sərhədlərini aşıb. "Report"un məlumatına görə, şirkətin süd məhsullarının yükləndiyi ilk maşın karvanı Gürcüstana yola salınıb.

    Məhsullar maşınlara yüklənildikdən sonra Dövlət Gömrük Komitəsinin əməkdaşı tərəfindən plomblanıb. Beləliklə, qarşısında Azərbaycan və Gürcüstan bayraqlarının həkk olunduğu karvan yola düşüb.

    "Palsüd" Dağıtım MMC-nin satış müdiri Məhəmməd Osmanov bildirib ki, "Palsüd"ün keyfiyyətli məhsulları hazırda Azərbaycanın bütün mağaza və supermarketlərinin rəflərində satışdadır: "Keyfiyyəti və çeşidi ilə müştərilərin sevimlisi olan məhsullarımız hər zaman bəyənilib. Bu ildən dəfələrlə sərgilərdə iştirak etmiş, hər zaman ön yerlərdən birini tutmuşuq. "Palsüd" məhsulları çeşidləri və keyfiyyətinə görə xarici ölkələrdə də bəyənilib. Bu gündən Gürcüstana məhsullarımızı ixrac edirik. Bundan sonra Gürcüstan vətəndaşları, qonşu ölkədə yaşayanlar "Palsüd" məhsullarının keyfiyyətini biləcəklər. Gələcəkdə məhsullarımızı digər ölkələrə də ixrac etmək fikrindəyik".

    Qeyd edək ki, “Palmali“ Şirkətlər Qrupunun tərkibində 2005-ci ildə “NurSüd MMC” süd və süd məhsulları emalı zavodu təsis edilib. Artıq 2008-ci ilin əvvəlindən etibarən “Palsüd” ticarət nişanı altında geniş çeşiddə süd məhsulları marketlərin piştaxtalarını bəzəməyə başlayıb. Eyni zamanda 2009–cu ildə “Paldad” ticarət nişanıyla dondurma istehsalına başlayan “Palfood MMC“ dondurma fabriki yaradılıb.

    Gürcüstan Respublikasına yola salınan ilk yük maşını karvanı ilə növbəti uğuruna cığır açan zavod qonşu ölkədə süd məhsulları bazarında sağlam rəqabət aparacaq. Gürcüstanın müvafiq strukturlarının süd məhsullarının satışında xüsusi olaraq təbii süd, təbii yağ və yüksək keyfiyyətli enerji və qida dəyərlərinə riayət olunması tələbindən “Pal Süd” uğurla keçib. Bu aydan Gürcüstan vətəndaşları təbii süddən yüksək keyfiyyətlə hazırlanmış “Pal Süd” məhsullarının bütün çeşidlərini market və mağazalardan ala biləcəklər. Zavod Azərbaycan istehsalı adı altında istehsal etdiyi məhsullarını Gürcüstandan sonra daha bir neçə ölkəyə çıxarmaq planları üzərində uğurla çalışır.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi