Yuxarı

Oktyabrın sonunda dövlət əmlakının özəlləşdirilməsi ilə bağlı yeni hərrac keçiriləcək

Budəfəki hərraca ümumilikdə 84 dövlət əmlakı çıxarılacaq

Bakı. 29 sentyabr. REPORT.AZ/ Əmlak Məsələləri Dövlət Komitəsi (ƏMDK) dövlət əmlakının özəlləşdirilməsi ilə bağlı oktyabrın 25-də yeni hərrac keçirəcək.

Komitənin mətbuat xidmətindən “Report”a verilən xəbərə görə, budəfəki hərraca ümumilikdə 84 dövlət əmlakı çıxarılacaq.

Hərraca çıxarılan dövlət əmlaklarının 26-sı nəzarət səhm paketinin 30-45%-ni təşkil edən, Bakı, Beyləqan, Ağdaş, Bərdə, İsmayıllı, Zaqatala, Goranboy, Cəlilabad, İmişli, Qax və digər rayonlarda yerləşən açıq səhmdar cəmiyyətləridir. Bu müəssisələr sənaye, xidmət, kəndkimya, təmir-tikinti, avtonəqliyyat, quşçuluq, emal və digər sahələrlə bağlı olan müəssisələrdir.

Hərraca 36 dövlət əmlakı da çıxarılıb ki, bunun 8-i istifadəsiz qeyri-yaşayış sahəsi, 28-i isə kiçik dövlət müəssisə və obyektləridir. Bu obyektlər sırasında paytaxtda, eləcə də Gəncə, Sumqayıt, Mingəçevir, Şəki şəhərləri və Gədəbəy, Xaçmaz, Şəmkir rayonlarında yerləşən xidmət, ictimai iaşə və ticarət müəssisələri var. Daşınmaz dövlət əmlakları ilə yanaşı, 22 nəqliyyat vasitəsi də hərraca çıxarılacaq. Bu nəqliyyat vasitələrinə müxtəlif qurumların balansında olan, lakin istismar edilməyən müxtəlif xarici markalara aid avtomobillər daxildir.

Təşkil olunan açıq hərraclarda istənilən şəxs sifariş verərək iştirakçı statusu qazana və əmlak sahibi ola bilər. İştirak üçün Komitənin elektron xidmətlər portalı vasitəsi ilə elektron qaydada, yaxud Hərracların Təşkili üzrə Auksion Mərkəzində sifariş vermək və əmlakın satış qiymətinin 10%-i məbləğində behi banka ödəmək yetərlidir.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi