Nazir müavini: "Azərbaycan hədəflərin reallaşdırılmasına böyük önəm verir"

Nazir müavini: "Azərbaycan hədəflərin reallaşdırılmasına böyük önəm verir" Bakıda ​Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasının işçi qruplarının iclası keçirilib
Biznes
8 Fevral , 2017 20:35
Nazir müavini: Azərbaycan hədəflərin reallaşdırılmasına böyük önəm verir

Bakı. 8 fevral. REPORT.AZ/ Bu gün Bakıda Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasının tərkibində yaradılan iqtisadi inkişaf və layiqli məşğulluq, sosial, ekoloji məsələlər, monitorinq və qiymətləndirmə üzrə işçi qruplarının iclası keçirilib.

“Report” xəbər verir ki, tədbirdə çıxış edən baş nazirin müavini, Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasının sədri Əli Əhmədov bildirib ki, Şuranın yaradılması Azərbaycan üçün çox əhəmiyyətlidir. O qeyd edib ki, Azərbaycanın Birləşmiş Millətlər Təşkilatının (BMT) üzvü olan dövlətlərin 2015-ci ilin 25–27 sentyabr tarixlərində keçirilən Dayanıqlı İnkişaf Sammitində 2016-2030-cu illər üçün təsdiqlənən, 17 Dayanıqlı İnkişaf Məqsədi və 169 hədəfi özündə birləşdirən yeni qlobal Dayanıqlı İnkişaf Məqsədlərinə (DİM) qoşulub.Şuranın əsas vəzifələri qlobal məqsəd və hədəflərə uyğun milli prioritetlərin və onlara dair göstəricilərin müəyyən edilməsi, ölkədə sosial-iqtisadi sahələri əhatə edən dövlət proqramları və strategiyaların Dayanıqlı İnkişaf Məqsədləri ilə uzlaşdırılmasının təmin edilməsidir. Ötən müddət ərzində Milli Əlaqələndirmə Şurasının Katibliyi, iqtisadi inkişaf və layiqli məşğulluq, sosial, ekoloji məsələlər, monitorinq və qiymətləndirmə sahələri üzrə 4 işçi qrupları yaradılıb”.

İqtisadiyyat nazirinin müavini Sevinc Həsənova Azərbaycanın BMT-nin bir çox təşəbbüs və proqramlarına, o cümlədən Minilliyin İnkişaf Məqsədlərinə və Davamlı İnkişaf Məqsədlərinə qoşulduğunu vurğulayıb: “Azərbaycan DİM-ə və bu təşəbbüsdə əks olunan hədəflərin reallaşdırılmasına böyük önəm verir. DİM-ə qoşulan digər ölkələrlə müqayisədə ilk olaraq Azərbaycanda Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurası yaradılıb və bu, BMT tərəfindən yüksək qiymətləndirilib. Artıq DİM-lər üzrə qlobal məqsəd və hədəflərə uyğun milli prioritetlərin, onlara dair göstəricilərin müəyyən edilməsinə, ölkədə sosial-iqtisadi sahələri əhatə edən dövlət proqramlarının və strategiyaların Dayanıqlı İnkişaf Məqsədləri ilə uzlaşdırılmasına dair ilkin layihə hazırlanıb. Hazırda sənəd üzərində iş davam etdirilir. Bu sahədə Milli Əlaqələndirmə Şurasının tərkibində yaradılan işçi qruplarının üzərinə böyük iş düşür”.

Sonra Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasının Katibliyinin rəhbəri Hüseyn Hüseynov, Dövlət Statistika Komitəsinin sədri Tahir Budaqov, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Sədaqət Qəhrəmanova çıxış ediblər.

Ə.Əhmədov hesabatın hazırlanmasına dair Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasının Katibliyinə və işçi qruplarına müvafiq tapşırıqlar verib.

Qeyd edək ki, Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasının Katibliyi funksiyasını İqtisadiyyat Nazirliyi həyata keçirir.

Son xəbərlər

Orphus sistemi