Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin nümayəndələri ABŞ-a səfər edib

Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin nümayəndələri ABŞ-a səfər edib Bakı. 9 noyabr. REPORT.AZ/ Noyabrın 7-8-də ABŞ-ın Boston şəhərində ABŞ-Xəzər İnnovasiya Sammiti keçirilib.
Biznes
9 Noyabr , 2018 15:54
Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin nümayəndələri ABŞ-a səfər edib

Bakı. 9 noyabr. REPORT.AZ/ Noyabrın 7-8-də ABŞ-ın Boston şəhərində ABŞ-Xəzər İnnovasiya Sammiti keçirilib. 

Bu barədə "Report" İqtisadiyat Nazirliyinə istinadən xəbər verir. 

Məlumata görə, tədbirdə Azərbaycanı nazirliyin tabeliyindəki Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədovun rəhbərliyi ilə nümayəndə heyəti təmsil edib. Heyətə innovasiya, təhsil və iqtisadiyyatın digər sahələrində fəaliyyət göstərən müəssisələrin rəhbər şəxsləri daxil olub. 

Sammitin əsas məqsədi biznes mühitinin yaxşılaşdırılması istiqamətində görülən işlər və həyata keçirilən islahatlar, həmçinin innovasiya prosesləri, startapların stimullaşdırılması, araşdırma və inkişaf məsələlərinə dair fikir mübadiləsi və müzakirələr aparmaqdır. O.Məmmədov vurğulayıb ki, ölkə prezidentinin rəhbərliyi ilə hazırda etibarlı tərəfdaş kimi bir sıra transmilli enerji layihələrinin təşəbbüskarı və fəal iştirakçısı olan ölkəmizdə qeyri-neft sektorunun inkişafı və iqtisadiyyatın diversifikasiyası prioritetdir, bu istiqamətdə önəmli işlər görülüb və hazırda da davam etdirilir. Qeyd olunub ki, qanunvericilik və institusional sahədə aparılan uğurlu islahatlar nəticəsində son 15 ildə ölkə iqtisadiyyatı 3,2 dəfə artıb, yoxsulluq səviyyəsi 5,4%-ə qədər azalıb. Azərbaycanda 9 mindən çox xarici investisiyalı şirkət qeydiyyatdan keçib, iqtisadiyyata 250 mlrd. ABŞ dollarından artıq investisiya yatırılıb ki, bunun da yarısı xarici investisiyaların payına düşür. Azərbaycanın əldə etdiyi uğurlar nüfuzlu beynəlxalq maliyyə institutları və reytinq agentlikləri tərəfindən də müsbət qiymətləndirilir. Dünya Bankının “Doing Business 2019” hesabatında Azərbaycan öz mövqeyini 32 pillə yaxşılaşdıraraq 25-ci yerə yüksəlib, dünyanın islahatçı 10 ölkəsi siyahısına daxil edilib və ən çox islahat aparan ölkə elan olunub.

Agentlik rəhbəri Azərbaycanda həyata keçirilən iqtisadi siyasətin və islahatların davamlılığını təmin etmək üçün milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritələrinin icra edildiyini, strateji hədəflərdən birinin məhz ölkədə kiçik və orta biznesin inkişafı, onun rəqabətqabiliyyətliliyinin artırılması olduğunu diqqətə çatdırıb. Bu məqsədlə KOBİA-nın yaradıldığını bildirən O.Məmmədov qurumun fəaliyyəti, kiçik və orta biznesin inkişafı istiqamətində həyata keçirəcəyi tədbirlər və dəstək mexanizmləri barədə məlumat verib. O, vurğulayıb ki, “KOB Dostu” əsasən regionlarda sahibkarlarla sıx işləyən və onlara hərtərəfli dəstək göstərən mexanizmdir. “KOB Evləri” Azərbaycanın yeni milli brendi olaraq “bir pəncərə prinsipi” ilə fəaliyyət göstərəcək, burada kiçik və orta biznesə 30-dan çox dövlət qurumunun 100-dən artıq xidmətləri göstəriləcək. Dövlət-özəl tərəfdaşlığının (PPP) inkişaf mərkəzi isə Azərbaycanda ilk institusional təşəbbüs olmaqla, PPP-yə dair proqramlar və təlimatlar hazırlayacaq, bu sahədə mərkəzi məlumat bazasını idarə edəcək. KOB İnkişaf Fondları xarici və yerli investorlar üçün uğurlu maliyyələşmə mexanizmləri yaradacaq, KOB-ların və startapların biznes təşəbbüslərini dəstəkləyəcək. KOB klasterlərinin yaradılması prosesində qabaqcıl beynəlxalq təcrübə tətbiq olunmaqla sahibkarlar üçün güzəştlər və dövlət dəstəyi mexanizmləri müəyyənləşdiriləcək. KOB İnkişaf Mərkəzləri sahibkarların bilik və bacarıqlarının artırılmasına, biznes ideyalarının dəstəklənməsinə, maliyyə resurslarına çıxışın asanlaşdırılmasına xidmət edəcək.

Sammit çərçivəsində həmçinin biznes-inkubatorların inkişafı və innovativ biznesə dəstək sahələrində ixtisaslaşmış “Cambridge İnnovation Center” və “Mass Challenge” şirkətlərinin təmsilçiləri ilə birgə əməkdaşlıq imkanları müzakirə edilib. Bu əməkdaşlıq çərçivəsində Agentliyin nəzdində yaradılacaq KOB İnkişaf Mərkəzləri ilə həmin şirkətlər arasında təcrübə mübadiləsi və müxtəlif dəstək alətlərinin tətbiqi nəzərdə tutulur.

Son xəbərlər

Orphus sistemi