Kənd təsərrüfatı məhsullarının istehsalı sahəsində Azərbaycan-Kuba birgə müəssisəsi yaradıla bilər

Kənd təsərrüfatı məhsullarının istehsalı sahəsində Azərbaycan-Kuba birgə müəssisəsi yaradıla bilər Səfir: Əczaçılıq məhsulları və biotexnologiya sahəsində mübadilə də mümkündür
Biznes
6 Fevral , 2017 13:42
Kənd təsərrüfatı məhsullarının istehsalı sahəsində Azərbaycan-Kuba birgə müəssisəsi yaradıla bilər

Bakı. 6 fevral. REPORT.AZ/ Azərbaycan həmişə kənd təsərrüfatının inkişafı ilə məşhur olub və hər iki ölkə bu sahədə əməkdaşlıq edə bilər. Kənd təsərrüfatı məhsullarının istehsalı sahəsində Azərbaycan-Kuba birgə müəssisəsi yarada bilsək, bu, ikitərəfli əlaqələrin inkişafına kömək edər. Kuba Azərbaycana investisiya qoymaqda maraqlıdır.

"Report"un "Caspian European Club"a istinadən verdiyi xəbərə görə, bu barədə Kubanın Azərbaycan, Türkmənistan və Gürcüstandakı Fövqəladə və Səlahiyyətli Səfiri Alfredo Nieves Portuondo "Caspian Energy İnternational Media Group"un prezidenti və baş redaktoru Natalya Əliyevanın rəhbərliyi ilə "Caspian Energy"nin nümayəndə heyətini qəbul edərkən bildirib. 

O həmçinin neft-qaz sahəsində də əməkdaşlıq məsələsinə toxunub: “Kuba ildə 4 mln. ton ağır neft çıxarır. Hasilat əsasən Havananın şimalında həyata keçirilir. Meksika körfəzində Kubaya məxsus üçbucaq mövcuddur. Proqnozlara görə, orada böyük neft ehtiyatı var. Hazırda biz dərində yerləşən yataqlardan neft çıxarmaq üçün texnologiya tətbiq edən Norveç, Rusiya, Vyetnam, Fransa və Braziliyanın müəssisələri ilə birlikdə həmin sahədə ciddi tədqiqat aparırıq. Tədqiqatlar göstərir ki, orada həqiqətən neft var. Yüz ildən artıqdır ki, fasiləsiz neft və qaz çıxaran Azərbaycan bu sahədə zəngin təcrübəyə sahibdir. Bakıda çoxlu kubalı tələbələr təhsil alıb. Biz bu sahələrdə əməkdaşlıq edə bilərik”.

Səfir iki ölkə arasında əczaçılıq məhsulları və biotexnologiya sahəsində mübadilə imkanlarından da danışıb: “Kubada olduğu kimi, Azərbaycanda da səhiyyə sisteminə xüsusi diqqət ayrılır. Bununla əlaqədar olaraq biz həm də tibb, tibbi xidməti və əczaçılıq sənayesi sahəsində əməkdaşlıq haqqında danışa bilərik. Eyni zamanda əczaçılıq məhsulları və biotexnologiya sahəsində mübadilə də mümkündür. Kubanın başqa ölkələrlə artıq belə bir təcrübəsi var”.

Onun sözlərinə görə, Azərbaycanla Kuba arasında siyasi münasibətlər olduqca yüksək səviyyədədir və diplomatik səylər iqtisadi-ticari əməkdaşlığın inkişafına yönəldiləcək. Alfredo Nieves Portuondo Azərbaycanla Kuba arasında turizm mübadiləsinin inkişafı üçün böyük potensialın mövcud olduğunu vurğulayıb: "Bizi Bakıda keçirələcək turizm sərgisinə dəvət ediblər. Həmin sərgidə iştirakımız təsdiqlənsə və baş tutsa, bu, Kubanın Azərbaycanda turizm sərgisində ilk iştirakı olacaq”. 

Səfir Azərbaycan müəssisələrini Havanada xarici ticarətə və turizmə həsr olunmuş sərgiyə dəvət edib. O, "Caspian European Club"un ("Caspian Business Club") və "Caspian American Club"un fevral ayında keçiriləcək biznes-forumlarında iştirak etmək niyyətində olduğunu qeyd edib.

Son xəbərlər

Orphus sistemi