​İsmayıllıda ixtisaslaşdırılmış “yaşıl market” tikilir

​İsmayıllıda ixtisaslaşdırılmış “yaşıl market” tikilir Bu ilin ötən dövrü ərzində 3 400-ə yaxın sahibkara 120 mln. manat güzəştli kredit verilib
Biznes
30 İyul , 2015 16:47
​İsmayıllıda ixtisaslaşdırılmış “yaşıl market” tikilir

Bakı. 30 iyul. REPORT.AZ/ Bu gün Sahibkarlığa Kömək Milli Fondu (SKMF) İsmayıllı rayonunun Qaraqaya kəndində sahibkarlığın güzəştli kreditləşdirilməsi məsələlərinə dair işgüzar forum keçirib.

İqtisadiyyat və Sənaye Nazirliyindən “Report”a verilən məlumata görə, tədbirdə sahibkarlara güzəştli kreditlərin alınması mexanizmi barədə ətraflı məlumat verilib, İsmayıllıda həyata keçirilməsi məqsədəuyğun hesab olunan nümunəvi layihələr təqdim olunub, sahibkarlarla müvəkkil kredit təşkilatları arasında işgüzar münasibətlər qurulub, sahibkarların investisiya layihələri maliyyələşdirilib.

Qeyd edək ki, 80-ə yaxın sahibkarın iştirak etdiyi forum çərçivəsində İsmayıllı rayonunun iqtisadi potensialının reallaşdırılması məqsədilə prioritet hesab olunan cins heyvandarlıq, intensiv bağçılıq, arıçılıq təsərrüfatlarının, meyvəqurutma, pendir və plastik qapı-pəncərə istehsalı müəssisələrinin yaradılması üzrə nümunəvi investisiya layihələrinin təqdimatı keçirilib, kiçik həcmli investisiya layihələrinin ümumi dəyərinin 100%-dək hissəsinin dövlətin güzəştli kreditləri hesabına maliyyələşdiriləcəyi bildirilib, sahibkarlara nümunəvi layihələr və metodiki materiallar paylanıb.

SKMF-nin icraçı direktoru Şirzad Abdullayev qeyd edib ki, 2015-ci ilin ötən dövrü ərzində 3 400-ə yaxın sahibkara 119,5 mln. manatdan çox güzəştli kredit verilib. Bu kreditlərdən istifadə etməklə investisiya layihələrinin reallaşdırılması 7 500-dən çox yeni iş yerinin yaradılmasına imkan verir.

Ümumilikdə, indiyədək Dağlıq Şirvan iqtisadi rayonunda fəaliyyət göstərən sahibkarlıq subyektlərinin 1 640 investisiya layihəsinin maliyyələşdirilməsinə 57,5 mln. manat güzəştli kredit verilib, digər sahələrlə yanaşı, müasir texnologiyaların tətbiqinə əsaslanan logistika mərkəzləri, taxıl anbarı kompleksləri, iri fermer təsərrüfatları, “yaşıl market”, quşçuluq fabriki, müasir heyvandarlıq kompleksləri, çörək zavodu, tikinti materiallarının istehsalı müəssisəsi, üzümçülük təsərrüfatlarının yaradılması və s. sahələr üzrə investisiya layihələri maliyyələşdirilib, 5 500-ə yaxın yeni iş yerinin açılması imkanı yaradılıb.

İşgüzar forum çərçivəsində İsmayıllı və ətraf rayonlardan olan 59 sahibkara 1,066 mln. manat güzəştli kredit verilib. Verilən kreditlər əsasən taxılçılıq, üzümçülük, əkinçilik, heyvandarlıq, arıçılıq, mebel istehsalı sahələrinin inkişafına yönəldiləcək. Bu kreditlərin reallaşdırılması hesabına 80-dən çox yeni iş yerinin açılması mümkün olacaq.

Forum çərçivəsində İsmayıllı rayonunda güzəştli kredit ayrılıb ixtisaslaşdırılmış “yaşıl market”də aparılan tikinti-quraşdırma işlərinə baxış keçirilib. 2,25 ha ərazidə yerləşən ixtisaslaşdırılmış “yaşıl market” meyvə, tərəvəz, ət və süd məhsullarının saxlanması üçün tutumu 1 000 ton olan soyuducu anbar, pərakəndə və topdansatış üçün ticarət zonaları, 150 fermer mağazası və avtodayanacaqdan ibarət olacaq. Ümumilikdə, indiyədək 2 ixtisaslaşdırılmış “yaşıl market”in tikintisinə 9,8 mln. manat güzəştli kredit verilib.

Son xəbərlər

Orphus sistemi