Yuxarı

​İslamabad Ticarət Palatasının rəhbəri: "Azərbaycan ilə iqtisadi əlaqələrin inkişaf etdirilməsi üçün böyük potensial var"

Ticarət dövriyyəsinin səviyyəsi siyasi münasibətlərin səviyyəsinə uyğun deyil

Bakı. 31 avqust. REPORT.AZ/ Azərbaycan və Pakistan arasında iqtisadi əlaqələrin inkişaf etdirilməsi üçün böyük potensial mövcuddur.

Bu barədə "Report"a İslamabad Ticarət-Sənaye Palatasının prezidenti Muzzammil Hüseyn bildirib.

Onun sözlərinə görə, iki ölkə arasında ticarət dövriyyəsi son illərdə 17 - 25 milyon dollar arasında olub, bu isə ölkələrimiz arasında siyasi əlaqələrin səviyyəsinə uyğun deyil. "Birbaşa uçuşların olmaması ikitərəfli münasibətlərin səviyyəsinin aşağı olmasında mühüm amildir. İslamabad Ticarət və Sənaye Palatası Bakı Ticarət Palatası ilə özəl sektor arasında əlaqələrin inkişafı və ticarət sərgilərinin təşkil olunması ilə bağlı anlaşma memorandumu imzalamaq istəyir".

M.Hüseyn, həmçinin İstanbul-Bakı-İslamabad hava marşrutunun açılması məsələsinə də toxunub. Onun sözlərinə görə, bu uçuşların sentyabrın sonlarında, oktyabrın əvvəllərində başlanacağı planlaşdırılır: "Qeyd etməliyəm ki, İslamabad və Bakı arasında birbaşa uçuşların təşkil edilməsi ilə bağlı "Türk Hava Yolları"na məhz biz müraciət etmişik. Bizim bu ideyamıza dəstək verdiklərinə görə, "Türk Hava Yolları"na xüsusi minnətdarlığımızı bildiririk".

İki ölkə arasında hansı sahələrdə fəal əməkdaşlıq edilməsi mümkünlüyünü şərh edən M. Hüseyn qeyd edib ki, Pakistan Azərbaycandan fərqli olaraq kifayət qədər enerji resurslarına malik deyil: "Pakistan keyfiyyətli kənd təsərrüfatı məhsulları, o cümlədən düyü, meyvə və tərəvəz, həmçinin toxuculuq sənayesi məhsullarını istehsal edir. Ölkəmiz bu sahələrdə Azərbaycanla əməkdaşlıqda maraqlıdır".

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi