Yuxarı

​İran və Azərbaycanın gömrük orqanlarının rəsmiləri görüşüb

Gündəlikdə duran məsələlərin müzakirəsi məqsədilə görüş sabah davam etdiriləcək

Bakı. 1 fevral. REPORT.AZ/ Bu gün İranın Culfa Gömrük İdarəsində Azərbaycan gömrük xidmətini təmsil edən nümayəndə heyəti ilə görüş keçirilib. Bu barədə "Report"a DGK-nın mətbuat xidmətindən məlumat verilib.

Görüşdə Azərbaycan tərəfdən Dövlət Gömrük Komitəsi sədrinin birinci müavini Səfər Mehdiyev və Naxçıvan Dövlət Gömrük Komitəsinin sədri Asəf Məmmədov, İran tərəfdən isə bu ölkənin Şərqi Azərbaycan Regional Gömrük İdarəsinin rəisi Ələsgər Abbaszadə və İran Gömrük Xidməti Beynəlxalq əlaqələr İdarəsinin rəisi Əhəd Pərahan iştirak ediblər.

Görüş çərçivəsində dövlətdaxili prosedurlara təqdim etmək məqsədilə iki dövlətin gömrük xidmətləri arasında gömrük işi sahəsində qarşılıqlı inzibati yardım, eləcə də mal və nəqliyyat vasitələri haqqında məlumatların elektron qaydada əvvəlcədən ötürülməsini nəzərdə tutan sənəd lahiyələrinin işlənib hazırlanması, həmçinin Azərbaycan və İran arasında fəaliyyət göstərən sərhəd-keçid məntəqələrinin 24 saatlıq rejimə keçidlə bağlı işlərin davam etdirilməsi və digər ümumi maraq doğuran məsələlər ətrafında müzakirələr aparılıb.

Görüş zamanı iki dövlətin ərazilərindən istifadə etməklə tranzit daşımalarının artırılması üçün daha münbit şəraitin yarandığı və gömrük işi sahəsində əməkdaşlığın daim inkişaf etdiyi diqqətə çatdırılaraq bu əməkdaşlığın daha da gücləndirilməsi istiqamətində müvafiq addımların atılması haqqında razılıq əldə olunub.

Xatırladaq ki, görüşdə İranın Naxçıvandakı baş konsulunun müavini Əli Məhəmmədi də iştirak edib.

Gündəlikdə duran məsələlərin müzakirəsi məqsədilə nümayəndə heyətlərinin görüşü fevralın 2-də Naxçıvan Muxtar Respublikasında davam etdiriləcək.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi