Yuxarı

​İran şirkətləri Azərbaycana 760 mln. dollar sərmayə yatırıb

İran iki ölkə arasında viza sisteminin sadələşdirilməsini təklif edir

Bakı. 17 noyabr. REPORT.AZ/ Bu gün Bakıda İran İslam Respublikasının ixtisaslaşmış sərgisi işə başlayıb. "Baku Expo Center" beynəlxalq sərgi mərkəzində üç gün davam edəcək sərgidə neft, qaz, neft-kimya və s. sahələrdə fəaliyyət göstərən İranın 33 şirkəti iştirak edir. Bunların 13-ü Gilan, qalan 20-si isə İranın digər vilayətlərini təmsil edir.

“Report” xəbər verir ki, sərginin rəsmi açılış mərasimində çıxış edən İranın Azərbaycandakı səfiri Möhsün Pakayin qeyd edib ki, İran bu kimi tədbirləri gələcəkdə də davam etdirəcək: “Gələcək zamanlarda Bakıda informasiya texnologiyaları sahəsində də sərgi keçirməyi planlaşdırırıq. Hazırda ölkələr arasında əməkdaşlıq sanksiyalardan sonra yeni bir dövrə qədəm qoyur. Özəl sektor sahəsində nüməyəndələrimizin iştirakı ilə dekabr ayında Tehranda iclas keçiriləcək. Ümid edirəm ki, bu sərgi gələcəkdə özəl sektor, xüsusi ilə Azərbaycan və İranın Gilan vilayətinin iş adamları ilə əlaqələrin inkişafına səbəb olacaq”.

Azərbaycanın iqtisadiyyat və sənaye nazirinin müavini Sahil Babayev isə çıxışında bildirib ki, ikitərəfli hökumətlərarası komissiya bu əlaqələrin daha da genişlənməsinə və yeni prespektivlərin açılmasına platforma yaradır. Onun sözlərinə görə, hazırda İranla Azərbaycan arasında investisiya sahəsində geniş əməkdaşlıq aparılır: “Azərbaycanda hazırda İran investisiyalı 458 şirkət qeydiyyatdan keçib və fəaliyyət göstərir. Qonşu ölkə şirkətlərinin ölkəmizə əsas kapitala investisiyaları 760 mln. dollardan artıqdır. Qeyri-neft sektoruna isə 150 mln. dollar sərmayə yatırılıb. Əlbəttə, ölkələrimizin əməkdaşlıq imkanları daha genişdir”.

Nazir müavini son 10 ildə Azərbaycanda ÜDM-in 3 dəfə artdığını deyib: “Qeyri-neft sektoru 2,5 dəfə, neft sektoru demək olar 4 dəfə artıb. Xarici ticarət dövriyyəsində isə 4,3 dəfə artım var. Bu göstəricilər ölkəmizə investisiya yatıranlar üçün xüsusi mühitin yaradıldığını göstərir”.

İranın Gilan vilayətinin qubernatoru Məhəmmədəli Nəcəfi vurğulayıb ki, iki ölkə arasında viza sistemini sadələşdirmək lazımdır: “Bildiyiniz kimi, bir müddət əvvəl hər iki tərəfin sərhəd zonasında yaşayan əhali rahat sərhədi keçə bilirdi. Hazırda iranlılar Azərbaycana keçmək üçün Tehrana və ya başqa şəhərlərə gedib viza almalıdırlar. Əlbəttə, bu öz növbəsində həm turizmin, həm də xırda ticarətin inkişaf etməsinin qarşısını alır. Gilan vilayətinin sakinləri çox istərdilər ki, rahat şəkildə Azərbaycana gələ bilsinlər. Vizanın verilməsi prosesinin sadələşdirilməsi hər iki ölkənin əhalisi üçün əlverişli olar”.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi