İlham Əliyev: “Bəzən xaricdən elə sifarişlər gəlir ki, tam yerinə yetirə bilmirik”

İlham Əliyev: “Bəzən xaricdən elə sifarişlər gəlir ki, tam yerinə yetirə bilmirik” Bakı. 10 aprel. REPORT.AZ/ “Azexport” portalına daxil olan sifarişlər, əslində, marketinq üçün çox əhəmiyyətli bir vasitədir”.
Biznes
10 Aprel , 2018 09:58
İlham Əliyev: “Bəzən xaricdən elə sifarişlər gəlir ki, tam yerinə yetirə bilmirik”

Bakı. 10 aprel. REPORT.AZ/ “Azexport” portalına daxil olan sifarişlər, əslində, marketinq üçün çox əhəmiyyətli bir vasitədir”.

“Report” xəbər verir ki, bunu Prezident İlham Əliyev Nazirlər Kabinetinin 2018-ci ilin I rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında deyib.

“Əvvəllər marketinqi xarici bazarlarda aparmaq üçün bizim belə imkanımız yox idi. Bu işlər daha çox kor-təbii görülürdü. Amma “Azexport” portalının əhəmiyyəti ondadır ki, həm yerli istehsalçılar öz məhsulları barədə məlumatları bu saytda yerləşdirirlər, həm də xaricdən sifarişlər gəlir. Təhlil apararkən görürük, bəzən elə sifarişlər gəlir ki, biz o sifarişləri tam yerinə yetirə bilmirik. Bu, dövlət qurumlarına və sahibkarlara yol göstərir ki, həmin sahələr inkişaf etməlidir. Əlbəttə, çox istərdim ki, kənd təsərrüfatı məhsullarının emalı sənayesi daha sürətlə inkişaf etsin. Mövcud inkişaf bizi qane edə bilməz”, - deyə o, qeyd edib.

Dövlət başçısının sözlərinə görə, son vaxtlar Azərbaycanda bir çox konserv və şirə istehsalı zavodları işə düşsə də, bu, ölkənin potensialını əks etdirmir: “Ancaq 400 hektarda yaradılacaq istixanaların məhsulu, onun bir hissəsi, yaxşı olar ki, böyük hissəsi Azərbaycanda emal olunsun və ixrac edilsin. Bizim indi kənd təsərrüfatı məhsulları arasında ən çox gəlir gətirən pomidor ixracıdır. Ancaq əgər burada yeni emal müəssisələri yaranarsa, biz hazır məhsul ixrac edərik və hazır məhsula, deyə bilərəm ki, daha böyük tələbat və daha az rəqabət var. Ona görə hesab edirəm ki, biz kənd təsərrüfatı emalı sahəsində səylərimizi gücləndirməliyik. Biz son vaxtlar daha çox istehsala üstünlük verirdik və kreditlər verilirdi. Bu ildən başlayaraq, çox ciddi konkret plan tərtib edilməlidir – hansı bölgələrdə, hansı emal müəssisələri, konserv, şirə zavodları açılsın”.

İ.Əliyev onu da deyib ki, son vaxtlar tövsiyələri nəzərə alan sahibkarlar zeytunçuluğa böyük diqqət göstərirlər: “Yeni bağlar salınır və dövlət kömək göstərir, su xətləri çəkir. Bu da çox gözəl ixracyönümlü məhsulumuz olacaq. Dünya bazarlarında zeytun yağına çox böyük tələbat var. Dünyada cəmi bir neçə ölkə bu yağı istehsal edir. Azərbaycan da onların arasında yer tutmalıdır, həm daxili bazarı təmin etməlidir, həm ixrac etməlidir”.

Onun sözlərinə görə, Azərbaycanda meyvə bağları da genişlənir: “Çayçılıq, çəltikçilik, fındıqçılıq, baramaçılıq, sitrus meyvəçiliyi, tütünçülük və digər sahələri inkişaf etdirmək üçün bir neçə müşavirə keçirilib. Mən bəzi rəqəmləri səsləndirmək istəyirəm vətəndaşlar bilsinlər ki, görülən işlər necə səmərə verir. Tütünçülük. 2015-ci ildə cəmi 1 300 hektarda tütün əkilmişdisə, 2018-ci ildə bu, 3 300 hektara çatacaq. Tütünü biz indi ixrac edirik. Bu, ixracyönümlü məhsuldur. Fermerlər yaxşı pul qazanırlar. İndi dövlət qurutma kameraları alır. Azərbaycanda tikilməkdə olan siqaret fabriki də bu tütünü alacaq, siqaret hazırlayacaq və ixrac edəcək, idxaldan asılılığı azaldacaq. Barama istehsalı. 2015-ci ildə 240 kiloqram barama tədarük olunmuşdusa, 2017-ci ildə bu rəqəm 240 tona qalxdı. Bu il biz təqribən 450-500 ton barama gözləyirik. İlk növbədə, bu da mənim üçün sosial layihədir. Çünki kümçülər indi az müddətdə - 30-40 gün ərzində böyük vəsait qazanırlar və Şəki ipək kombinatında yüzlərlə insan işlə təmin edilir. Əgər bu il biz 450-500 ton barama tədarük etsək, əminəm, Şəki ipək kombinatı, ola bilər ki, ilboyu fasiləsiz işləsin və xammal da kifayət qədər olacaq. Yüzlərlə insan Şəkidə işlə təmin edilir və bir çox rayonlarda pul qazanır”.

Prezident çıxışında fındıqçılıqdan da danışıb: “Bildiyiniz kimi, fındıqçılıq bizim üçün ənənəvi sahədir və pomidor ixracından sonra kənd təsərrüfatında ikinci valyuta gətirən sektordur. Biz burada da çox ciddi işlər apardıq. Bu işlərə 2015-ci ildən başladıq, 2016-cı ildə fındıq bağlarının sahəsi 40 min hektara çatdırıldı. Bu il isə fındıq bağlarının sahəsi 67 min hektara çatacaq. Yəni, görün, biz fındıq bağlarının sahəsini nə qədər artırmışıq. Bu, fermerlər üçün çox böyük gəlir mənbəyi olacaq, ölkəmizə də valyuta gətirəcək. Ancaq bu da son hədd deyil. Mənim vaxtilə müəyyən etdiyim rəqəmə əminəm ki, biz gələn il çatacağıq. Çünki bu il və gələn il 16 min hektarda yeni fındıq bağları salınacaq. Beləliklə, Azərbaycanda 80 min hektardan çox sahədə fındıq yetişdiriləcək və fındıq istehsalına görə biz dünyanın üçlüyünə daxil ola bilərik”.

Son xəbərlər

Orphus sistemi