Yuxarı

Azərbaycanda gömrük təmsilçiliyi institutu təkmilləşdirilir

Gömrük təmsilçiliyi üzrə ixtisas artırmağa 100 qədər müraciət edilib

Dövlət Gömrük Komitəsində gömrük təmsilçiliyi fəaliyyətilə məşğul olan şirkətlərin gömrük rəsmiləşdirilməsi üzrə mütəxəssisləri üçün növbəti imtahanlar keçirilib.

"Report"a Komitədən verilən məlumata görə, məqsəd gömrük təmsilçiliyi institutunun formalaşdırılması və təkmilləşdirilməsi, bu sahədə fəaliyyət göstərən şəxslərin bilik və bacarıqlarının artırılması, fəaliyyətin mövcud qanunvericiliyə və beynəlxalq standartlara uyğunlaşdırılmasıdır.

İmtahan prosesində Dövlət Gömrük Komitəsi sədrinin birinci müavini, gömrük xidməti general-mayoru İsmayıl Hüseynov, Dövlət Gömrük Komitəsi sədrinin müavini, gömrük xidməti general-mayoru Cavad Qasımov, Baş İdarə rəisləri və aidiyyəti qurumların nümayəndələri iştirak edib.

Komitə sədrinin birinci müavini İsmayıl Hüseynov bildirib ki, son illər Prezident İlham Əliyevin rəhbərliyi ilə aparılan uğurlu iqtisadi islahatlar ölkə iqtisadiyyatının dinamik inkişafını, sahibkarlıq mühitinin daha da yaxşılaşdırılmasını, büdcə gəlirlərinin artmasını, eyni zamanda əhalinin həyat səviyyəsinin və rifahının yüksəlməsini təmin edib.

Ölkəmizin xarici ticarət imkanlarının genişləndirilməsi, tranzit və logistika potensialının artırılması, beynəlxalq ticarətin asan və sürətli şəkildə həyata keçirilməsi məqsədilə gömrük sistemində də bir sıra mütərəqqi islahatların reallaşdırıldığı diqqətə çatdırılıb. İsmayıl Hüseynov vurğulayıb ki, gömrük təmsilçiliyi institutunun beynəlxalq standartlara uyğun şəkildə formalaşdırılması istiqamətində Dövlət Gömrük Komitəsi tərəfindən həyata keçirilən tədbirlər də bu islahatların davamıdır.

O da bildirilib ki, son dövrlər gömrük xidmətində infrastrukturun inkişafı və prosedurların sadələşdirilməsinə yönəldilmiş tədbirlər, habelə milli qanunvericiliyin beynəlxalq standartlara uyğunlaşdırılması məqsədilə bir sıra layihələr həyata keçirilib.

Gömrük təmsilçiliyi fəaliyyətilə məşğul olan şəxslərin ölkəmizdə gömrük işinin səmərəli şəkildə həyata keçirilməsində, gömrük əməliyyatlarının sürətləndirilməsində mühüm rola malik olduğu, Dövlət Gömrük Komitəsinin bu sahədə ixtisaslaşmış qurumlara hər zaman dəstək göstərəcəyi diqqətə çatdırılıb.

Sonra avqustun 1-də keçirilən imtahanda yüksək nəticələr əldə edən şəxslərə 5 illik ixtisas attestatları təqdim olunub və növbəti imtahana start verilib.

Qeyd edək ki, imtahanlar Azərbaycan Respublikası Nazirlər Kabinetinin "Gömrük rəsmiləşdirilməsi üzrə mütəxəssislərə ixtisas attestatının verilməsi, fəaliyyətinin dayandırılması və ləğv edilməsi qaydaları"na dair qərarına, Dövlət Gömrük Komitəsi sədrinin sərəncamına əsasən tərtib olunan "Gömrük rəsmiləşdirilməsinin təkmilləşdirilməsi üzrə Konsepsiya"ya əsasən və "Biznes mühitinin əlverişliliyinin artırılması və beynəlxalq reytinqlərdə ölkəmizin mövqeyinin daha da yaxşılaşdırılması üzrə xarici ticarət sahəsində islahatlarla bağlı 2019-cu ilin ikinci yarımilliyi üçün İcra və Kommunikasiya Planı"nın icrası çərçivəsində keçirilir. Ümumilikdə, ixtisas attestatlarının alınması üçün 100-ə qədər hüquqi şəxs müraciət edib.

Onu da qeyd edək ki, gömrük təmsilçiliyi sahəsində qanunvericiliyin tələblərinə uyğun olaraq dolayı təmsilçilik fəaliyyətini yalnız hüquqi şəxslər həyata keçirə bilər. Həmin hüquqi şəxslərin Dövlət Gömrük Komitəsi tərəfindən verilən ixtisas attestatına malik mütəxəssisləri olmalıdır. İxtisas attetstatları 5 il müddətinə verilir və qanunvericilikdə müəyyən edilən şərtlərə cavab verən hüquqi şəxslər dövlət reyestrinə daxil edilir.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi