Azərbaycanda dövlət əmlakının icarəyə verilməsi ilə investisiya müsabiqələrinə yekun vurulub

Azərbaycanda dövlət əmlakının icarəyə verilməsi ilə investisiya müsabiqələrinə yekun vurulub Müsabiqə qalibləri müəyyən olunub
Biznes
31 Mart , 2017 13:32
Azərbaycanda dövlət əmlakının icarəyə verilməsi ilə investisiya müsabiqələrinə yekun vurulub
Report.az

Bakı. 31 mart. REPORT.AZ/ Əmlak Məsələləri Dövlət Komitəsi (ƏMDK) “Daşınmaz dövlət əmlakı obyektlərinin müsabiqə əsasında icarəyə verilməsi Qaydaları”na müvafiq olaraq bir neçə investisiya müsabiqəsi elan edilib və qalibləri müəyyən olunub.

Komitədən "Report"a bildirilib ki, ƏMDK tərəfindən Bakı şəhəri, Yasamal rayonu, H.Cavid prospekti 25 ünvanında yerləşən 34,9 kv.m, Salyan şəhəri, Heydər Əliyev küçəsi 98 ünvanında yerləşən 60,4 kv.m və Şamaxı rayonu, Nağaraxana kəndində yerləşən, 75,8 kv.m qeyri-yaşayış sahələrinin icarəyə verilməsi üzrə müsabiqə elan edib. Qeyri-yaşayış sahələrinin icarəyə verilməsi ilə bağlı isə investisiya müsabiqəsi elan olunub.

Sifarişçilər qarşısında icarəyə verilən obyektin məxsus olduğu müəssisənin spesifik fəaliyyət profilinə uyğun olaraq təyinatı üzrə istifadə olunmasını təmin etmək, icarəyə verilən obyektin ərazisində yerləşdiyi müəssisənin fəaliyyətinə maneçilik yaradılmaması, birgə istifadə olunan kommunikasiya xətlərinə xələl gətirilməməsi, kommunikasiya xətlərindən birgə istifadə edilməsi, icarəyə verilən obyektin xarici görünüşünün və memarlıq elementlərinin qorunub saxlanılması və dövlət büdcəsinə ödəniləcək icarə haqqına dair təklifin verilməsi kimi şərtlər qoyulub.

Müsabiqədə daşınmaz dövlət əmlakını icarəyə götürmək hüququna malik olan (qanunvericiliklə məhdudiyyət müəyyən edilən hallar istisna olmaqla) yerli və xarici fiziki və hüquqi şəxslər iştirak edə bilərlər.

Müsabiqədə iştirak etmək üçün sifarişçilər tərəfindən beh köçürülən, eləcə də ərizə və müsabiqə təklifləri təqdim edilib. Müsabiqəyə çıxarılan obyektlərin balanssaxlayıcısının və yerləşdiyi ərazi üzrə yerli icra hakimiyyəti orqanının nümayəndələrinin də daxil olduğu Müsabiqə Komissiyalarının qərarına əsasən müraciət etmiş sifarişçilər iştirakçı statusunu əldə ediblər.

Səsvermənin nəticələrinə uyğun olaraq, Bakı şəhəri, Yasamal rayonu, H.Cavid prospekti 25 ünvanında yerləşən sahənin icarəyə verilməsi üzrə keçirilən müsabiqədə aylıq icarə haqqını 200 manat məbləğində köçürülməsinin təmin edilməsini öhdəsinə götürmüş fiziki şəxs qalib elan olunub.

Müsabiqənin digər qalibi Salyan şəhəri, Heydər Əliyev küçəsi 98 ünvanında yerləşən sahənin icarəyə verilməsi üzrə baş tutan müsabiqədə aylıq icarə haqqını 70 manat məbləğində köçürülməsinin təmin edilməsini öhdəsinə götürüb.

Şamaxı rayonu, Nağaraxana kəndində yerləşən sahənin icarəyə verilməsi üzrə keçirilən müsabiqədə aylıq icarə haqqını 50 manat məbləğində köçürülməsinin təmin edilməsini öhdəsinə götürüb, digər vətəndaş müsabiqənin qalibi elan edilib.

Müsabiqənin şərtlərinə müvafiq olaraq, qaliblər icarəyə götürəcəyi qeyri yaşayış sahəsinin qanunvericiliklə müəyyən edilən aylıq icarə haqqının dövlət büdcəsinə köçürülməsinin, habelə bağlanılacaq icarə müqaviləsinin şərtlərinin yerinə yetirilməsinin, balanssaxlayıcının hesabına köçürüləcək kommunal xərclərinin və digər ödəmələrin vaxtlı-vaxtında köçürülməsinin təmin edilməsini öhdəsinə götürüb.

Son xəbərlər

Orphus sistemi