İtaliya Azərbaycanı məlumat mübadiləsi üzrə tərəfdaşların “Ağ siyahı”sına daxil edib

İtaliya Azərbaycanı məlumat mübadiləsi üzrə tərəfdaşların “Ağ siyahı”sına daxil edib Bu, İtaliya bazarında çalışan Azərbaycan rezidentlərinə geniş vergi güzəştləri əldə etməyə şərait yaradır
Biznes
15 Sentyabr , 2016 13:48
İtaliya Azərbaycanı məlumat mübadiləsi üzrə tərəfdaşların “Ağ siyahı”sına daxil edib

Bakı. 15 sentyabr. REPORT.AZ/ İtaliya vergi məlumatlarının əlverişli mübadiləsini təmin edən yurisdiksiyaların yeni “Ağ siyahı"sını dərc edib və Azərbaycanı həmin siyahıya əlavə edib.

"Report"un Vergilər Nazirliyinə istinadən verdiyi xəbərə görə, Azərbaycan və İtaliya arasında vergi məlumatlarının mübadiləsinə əsas verən ikiqat vergitutmanın aradan qaldırılması haqqında sazişin mövcud olmasına, həmçinin dövlətlərdən hər ikisinin “Vergi məsələlərində qarşılıqlı inzibati yardım haqqında” Avropa Şurası və İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (OECD) birgə çoxtərəfli Konvensiyasının üzvü olmasına baxmayaraq, İtaliya tərəfindən “Ağ siyahı”nın artıq uzun müddətdir ki, yenilənməməsi səbəbindən Azərbaycanın adı siyahının əvvəlki versiyasında əksini tapmamışdır.

Ümumilikdə, İqtisadiyyat və Maliyyə Nazirliyinin təsdiq etdiyi yeni siyahıda 123 ölkənin adı daxil edilib və bundan sonra siyahının hər 6 aydan bir yenilənəcəyi gözlənilir. Siyahının əvvəlki versiyasında 73 dövlətin adı olub, hazırda siyahıya əlavə edilmiş 50 dövlətin arasında isə Azərbaycanla yanaşı, Gürcüstan, İsveçrə, Serbiya, Monteneqro, Malayziya kimi ölkələr də var. 

Bu siyahı İtaliya ilə vergi sahəsində məlumat mübadiləsini həyata keçirmək üçün müvafiq razılaşmalar bağlamış və vergi məlumatlarının əlverişli mübadiləsini həyata keçirən ölkələr və yuridiksiyaları əhatə edir. 

“Ağ siyahı”nın yenilənməsindən əlavə, həmin siyahıya daxil olan ölkələrin rezidentlərinə verilən güzəştlərə də yenidən baxılıb. Belə ki, siyahıya daxil edilmiş ölkələrin rezidentləri və ya insitutsional investorlarına 239/1996 nömrəli Qanunvericilik Dekreti ilə təmin edilən vergi rejimində vergiyə cəlb olunan bəzi maliyyə alətlərindən əldə olunan faiz gəliri ilə bağlı yerli azadolma verilir. Bundan başqa, qeyri-rezident investorlar tərəfindən əldə olunan kapital artımından gəlirlər, İtaliya fondları və ya İtaliya ixtisaslaşmış fondlaşdırma şirkətlərindən əldə edilən gəlirlərə yerli vergi azadolmaları, xarici fondlardan alınan və şərti faiz çıxılmalarından əldə edilən gəlirlərə münasibətdə isə güzəştli rejimlər tətbiq edilir.

“Ağ siyahı”da yer almış yurisdiksiyaların rezidenti olan qeyri-italiyan vergi ödəyicilərinə verilən ən mühüm vergi güzəştləri müəyyən şərtlər daxilində İtaliya şirkətləri tərəfindən istiqrazlar üzrə ödənilən faizlərin, depozitlərdən faizlərin, siyahıya daxil olan dövlətlərin institusional investorlarının orta və uzunmüddətli kreditlərə görə əldə etdikləri faizlərin, İtaliya kollektiv investisiya təşkilatlarında iştirakdan gəlirlərin və xarici investisiya fondları və “Ağ siyahı”da yer alan ölkələrdə yaradılmış pensiya fondları tərəfindən İtaliyada əldə edilən daşınmaz əmlak fondlarından gəlirlərin 26%-lik vergidən azad edilməsini misal göstərmək olar.

Son xəbərlər

Orphus sistemi