Yuxarı

Binəqədi rayonunda sahibkarlara güzəştli kreditlər verilib

Forum çərçivəsində 20 sahibkarlıq subyektinə 3,2 mln. manat güzəştli kredit verilib

Bakı. 9 avqust. REPORT.AZ/ İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu (SKMF) bu gün Binəqədi rayonunda işgüzar forum keçirib. “Report” İqtisadiyyat Nazirliyinə istinadən xəbər verir ki, forumda 100-dən çox sahibkariştirak edib.

Tədbir çərçivəsində rayonun iqtisadi potensialının reallaşdırılması məqsədilə prioritet hesab olunan ixtisaslaşdırılan “yaşıl market”in, istixana təsərrüfatlarının, ət kəsimi, üzlük daşlar, plastik qablar və corab istehsalı müəssisələrinin yaradılması üzrə nümunəvi investisiya layihələrinin təqdimatı keçirilib. Kiçik həcmli investisiya layihələrinin ümumi dəyərinin 100%-dək hissəsinin dövlətin güzəştli kreditləri hesabına maliyyələşdiriləcəyi vurğulanıb.

Forumda çıxış edən SKMF-in icraçı direktoru Şirzad Abdullayev bildirib ki, bu ilin ötən dövrü ərzində ölkə üzrə 1 542 sahibkarlıq subyektinin investisiya layihəsinin maliyyələşdirilməsinə 91,5 mln. manat güzəştli kredit yönəldilib. Onun sözlərinə görə, bu kreditlər hesabına maliyyələşdirilən layihələrin reallaşdırılması 4 600-dən çox yeni iş yerinin yaradılmasına imkan verir: “Bugünədək Bakı şəhəri və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair dövlət proqramları çərçivəsində paytaxt qəsəbələrində sahibkarlıq subyektlərinin 1 284 investisiya layihəsinin maliyyələşdirilməsinə 326,4 mln. manat güzəştli kredit verilib”.

İşgüzar forum çərçivəsində müvəkkil kredit təşkilatları vasitəsilə 20 sahibkarlıq subyektinə 3,2 mln. manat güzəştli kredit verilib. Kreditlər əsasən heyvandarlıq, quşçuluq, istixana kompleksinin yaradılması, çörək və un məmulatları, plastik məmulatlar istehsalı və s. sahələrin inkişafına yönəldiləcək. Bu kreditlərin reallaşdırılması 170 yeni iş yerinin yaradılmasına imkan verir.

Forum çərçivəsində Binəqədi rayonunun Rəsulzadə qəsəbəsində gündəlik istehsal gücü 46,3 ton olan çörək və ildə 180 ton şirniyyat istehsal etmək gücündə olan zavoda və ildə 30 min ton PVC tərkibli yarımfabrikatları istehsal etmək gücündə olan tikinti materialları istehsalı müəssisəsinə baxış keçirilib.

Qeyd edək ki, ümumilikdə, son illər tikinti materiallarının istehsalı ilə bağlı yeni texnologiyalara əsaslanan 25 investisiya layihəsinin maliyyələşdirilməsinə 84,4 mln. manat güzəştli kredit verilib. Bu müəssisələrdən 20-i artıq istifadəyə verilib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi