Yuxarı

​"Baku Electronics"də kütləvi ixtisar başlayıb

İşçilər müxtəlif səbəblərlə işdən çıxarılır

Bakı. 6 mart. REPORT.AZ/ Qlobal maliyyə böhranı, xüsusilə manatın devalvasiyası Azərbaycanda məişət texnikası bazarında ən iri şirkətlərdən olan "Baku Elektronics"dən də yan keçməyib. Belə ki, milli valyutanın devalvasiyaya uğradığı gün bazarda təqdim etdiyi məişət texnikası məhsullarının qiymətini ən azı 35% bahalaşdıran şirkət artıq iş strategiyasında və işçilərinin sayında bir sıra dəyişikliklər etməyə başlayıb.

Məişət texnikası bazarındakı mənbənin "Report"a verdiyi məlumata görə, qiymətlərin bahalaşmasından sonra şirkətin satışı kəskin şəkildə azalıb.

"Artıq insanlar əvvəlki kimi məişət texnikası almır. Düzdür, qiymətlə maraqlanırlar, lakin almırlar. Ancaq əlində müəyyən vəsaiti olan çox az sayda alıcılar onun dəyərsizləşməsindən ehtiyat edərək nəsə alır. Lakin bu da əvvəlki kimi deyil. Məsələn, bir müştəri soyuducu almaq istəyirdi və əvvəlki qiymətlə onun 1 400 manat olduğunu düşünürdü. Lakin manatın məzənnəsi düşən tarixdə qiymətlər kəskin qalxdı. Həmin alıcı isə 1 400 manata ehtimal etdiyi soyuducunu 1 900 manata almalı olub. Müştəri əlində olan pulunun daha da ucuzlaşmasından qorxduğu üçün bu qiymətə məişət texnikasını almalı oldu. Ən ucuz əşyalar isə ən azı 4-5 manat bahalaşıb", - mənbə bildirib.

Mənbə qeyd edir ki, bu, şirkət əməkdaşlarının iş şərtlərinə və iş yerlərinin saxlanılmasına da təsir edib. Artıq şirkət işçilərinin sayını azaltmaq məqsədilə "növbədənkənar" attestasiya keçirmək qərarına gəlib. Bu şəkildə işçilər "imtahandan keçə bilmədiz" adı altında işlərini itirlər. Halbuki bundan əvvəl işçilərin imtahana çəkilməsi haqda öncədən elan verilirdi. Prosesə ilk olaraq baş ofisdən start verilib. "Baku Elektronics" işçiləri əvvəlcə yarımştata keçirərək bir gündən bir iş rejminə salıb. Şirkətin şəhərin müxtəlif hissələrində fəaliyyət göstərən mağazalarında çalışan satıcılarının isə hər satdıqları məişət texnikasına görə əldə etdikləri bonuslarının miqdarı da azaldılıb: "Bu, satılan əmtəənin dəyərindən asılı olaraq dəyişir. Məsələn, satıcı əvvəl bir blender satdıqda 1 manat bonus qazanırdısa, indi bu, 59 qəpiyə düşüb".

Mənbə deyir ki, 40 mln. dollar xarici borcu yığılan şirkət yaranmış çətinlikdən çıxış yolu tapmaq üçün daha bir yola əl atıb. "Baku Electronics" bundan əvvəl müxtəlif brendlərin məhsullarını satarkən alıcılara 6-12 aylıq faizsiz kredit təqdim etdiyi halda, indi müştərilərə maksimum 6 ay müddətində və ancaq faizlə əmtəə satılır.

Qeyd edək ki, məsələ ilə bağlı "Baku Electronics" heç bir şərh vermək istəməyib.

Xatırladaq ki, "Baku Electronics" 1994-cü ildə Bakıda 1 mağaza ilə fəaliyyətə başlayıb. Hazırda şirkətin Bakı, Sumqayıt, Gəncə, Şəmkir, Quba, İsmayıllı, Mingəçevir, Yevlax, Zaqatala və Göyçayda yerləşən 18 mağazası ilə yanaşı, Şirvan, Xaçmaz, Lənkəran, Cəlilabad, Şəki, Qusar, Biləsuvar, Masallı, Şirvan, Sabirabad, İmişli, Ağcabədi, Şamaxı, İsmayıllı, Qəbələ, Oğuz, Qax, Mingəçevir, Goranboy, Tovuz, Balakən və Zaqatala rayonlarında rəsmi nümayəndəlikləri də mövcuddur.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi