Yuxarı

“Baku Business Factory” 1 yaşını qeyd edir - FOTO

Ümumilikdə BBF 1 il ərzində 550-yə yaxın müraciət qəbul edib

Bakı. 4 may. REPORT.AZ/ Keçən ilin may ayının 4-də fəaliyyətə başlayan “Baku Business Factory” 1 yaşını qeyd edir.

"Report" xəbər verir ki, təşkilat 1 il ərzində startaplar, frilanserlər və bu ekosistemdə fəaliyyətdə olan digər təşkilatlarla yaxın əməkdaşlıq içində olaraq, ekosistemin inkişafına öz töhfəsini verib.

Ümumilikdə BBF 1 il ərzində 550-yə yaxın müraciət qəbul edib. Bu müraciətlər arasından seçilən layihələr və frilanserlər BBF-nin xidmətlərindən istifadə edərək öz bizneslərini qurmaq və inkişaf etdirmək yönündə dəstəklər alıblar. Hazırda təşkilatın xidmətlərindən 19 layihə və 3 nəfər frilanser olmaqla 70 nəfərə yaxın şəxs yararlanır. Bu layihələrdən 13-ü artıq kommersiyalaşmışdır ki, onlardan 2-si hazırda öz xidmət və məhsullarının ixracı üzərində çalışırlar. Qalan 6 layihə isə hazırlıq mərhələsindədirlər.

1 il ərzində BBF tərəfindən seçilən layihələrə ofis və ofis avadanlıqları, mentorluq, biznes mövzusunda müxtəlif təlim xidmətləri göstərilib. Bu xidmətlər xaricində eyni sektorda fəaliyyət göstərən başqa şirkətlərlə də əməkdaşlıqlar edilərək müxtəlif layihələrə imza atılıb. Eyni zamanda 2015-ci ilin oktyabr ayında BBF “I Bakı Biznes Forumu”nu təşkil edərək ölkəmizdə startap mühitinin inkişafı və təbliği ilə bağlı müəyyən işlər görüb.

“Baku Business Factory”nun bütün işlərini həyata keçirərkən əsas diqqət etdiyi məqamlardan biri də ölkə iqtisadiyyatının şaxələnməsinə töhfə verməkdir. Təşkilatın təsisçisi Anar Əlizadə öz şəxsi bloqunda da bu məqama xüsusi diqqət ayırdıqlarını vurğulayıb. Onun sözlərinə görə, təşkilat biznes layihələrini seçərkən təkcə onların rəqabət göstərdiyi təşkilatlardan fərqlənməsinə deyil, onların bir-birindən fərqlənməsinə də əhəmiyyət verir. Bunun nəticəsi olaraq, hazırda BBF-nin xidmətlərindən istifadə edən 19 layihə bütün 4 əsas iqtisadi sektoru, yəni istehsal, xidmət, ticarət və kənd təsərrüfatı sektorlarını, əhatə etməklə 15 ayrı biznes fəaliyyəti növünü əhatə edir.

Gənclərin biznes təşəbbüslərinin dəstəklənilməsi yönündə aparılan işlərin nəticəsi olaraq, BBF 2016-cı ilin fevral ayında “Business Time” jurnalı tərəfindən Azərbaycanda hər il üçün müəyyən edilmiş sahələr üzrə ən yaxşı şirkətlərin seçildiyi “Azeri Business Award” Milli Mükafatına layiq görülüb. Bu yöndə BBF gənclərlə bağlı biznes təşəbbüsü nominasiyası üzrə ilin ən yaxşı şirkəti seçilib.

Xatırladaq ki, “Baku Business Factory” azərbaycanlı iş adamı, “Union Grand Energy PTE” Şirkətlər Qrupunun təsisçisi Anar Əlizadənin təşəbbüsü ilə yaradılıb. BBF-nin əsas məqsədi ölkənin iqtisadi və sosial inkişafına müsbət təsir edəcək ağıllı biznes ideyası olan gənclərə layihələrinin ilkin mərhələsində dəstək göstərməklə bu layihələrin daha sürətlə reallaşmasına və dayanıqlı olmasına şərait yaratmaqdır.

Daha ətraflı məlumat üçün BBF-nin rəsmi saytına (www.bbf.az) daxil ola və ya təşkilatla telefon (012 599 04 05/06) vasitəsilə əlaqə saxlaya bilərsiniz.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi