Yuxarı

Bakıda sənaye nümunələrinin Beynəlxalq Qeydiyyatı üzrə Haaqa Sisteminə dair seminar keçirilir

Tədbir Ümumdünya Əqli Mülkiyyət Təşkilatının dəstəyi ilə keçirilir

Bakı. 24 may. REPORT.AZ/ Bakı şəhərində Ümumdünya Əqli Mülkiyyət Təşkilatı (ÜƏMT) və Azərbaycan Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə “Sənaye nümunələrinin Beynəlxalq qeydiyyatı üzrə Haaqa Sisteminin səmərəli istifadəsi” mövzusunda beynəlxalq seminar işə başlayıb.

"Report"un verdiyi xəbərə görə, seminarda çıxış edən Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin Aparat rəhbərinin müavini Niyazi Rəhimov ölkədə qeyri-neft sektorunun inkişaf etdirilməsində əqli mülkiyyətin rolu və bu sahədə mövcud olan aparıcı təşkilatlarla əməkdaşlıq əlaqələrini xüsusi vurğulayıb. Onun sözlərinə görə cari iqtisadi proseslər Azərbaycanda qeyri neft sahəsinin, sənaye və ticarətin daha da inkişaf etdirilməsi zərurətini artırır. Bu müstəvidə həyata keçirilən islahatlar məhz iqtisadiyyatda innovativliyin təşviqi, ədalətli rəqabət və azad ticarət şəraitinin təmin olunmasına yönəlib. 

Onun sözlərinə görə, hüquqi dövlət quruculuğu nəticəsində ölkədə əqli mülkiyyət hüquqlarının qorunması və effektiv idarə olunması üçün müasir normativ-hüquqi baza yaradılıb, texnologiyalar üzərində müstəsna hüquq sahibləri və sənaye arasında münasibətlərin tənzimlənməsi, bununla da innovasiyaların sənayedə daha da geniş tətbiq edilməsi üçün bütün lazımi hüquqi şərait yaradılıb. 

N.Rəhimov Azərbaycanın 1995-ci ildən ÜƏMT-yə üzv olduğunu, həmçinin əqli mülkiyyət hüquqlarının təminatına xidmət edən bir çox saziş, müqavilələrə qoşulduğunu bildirib. Bunlardan birinin də "Sənaye nümunələrinin beynəlxalq qeydiyyatı haqqında" Haaqa Müqaviləsinin Cenevrə Aktı olduğunu bildirən aparat rəhbərinin müavini, bu günə qədər Haaqa Sazişi üzrə 1 128 sənaye nümunəsi üzrə beynəlxalq qeydiyyat, 348 ədəd yerli iddiaçıların müraciətinin qeydə alındığını diqqətə çatdırıb.

ÜƏMT-nin Haaqa Reyestrinin baş müşaviri Mixail Faleyev Azərbaycanla əməkdaşlıq əlaqələrindən məmnunluğunu ifadə edib. O, əqli mülkiyyət sahəsində Azərbaycanın uğurlarını, bu sahənin daha da inkişaf etdirilməsi məqsədilə həyata keçiriləcək işləri və gələcəkdə əməkdaşlıq münasibətlərinin daha da genişlənəcəyindən əminliyini vurğulayıb.

Seminarda Azərbaycanda sənaye nümunəsinin mühafizəsi, qanunvericilik aspektləri, sənaye nümunəsinin mühafizəsi sahəsində Azərbaycan sənayesinin inkişaf reallıqları, sənaye nümunələrinin beynəlxalq qeydiyyatı üzrə Haaqa Sistemi: elektron sənədləşmə mövzularında məruzələr dinlənilib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi