Yuxarı
    Bağlamaq

    Bakıda “Regional tranzit ticarətinin sadələşdirilməsi” mövzusunda seminar keçirilir

    Tədbir Asiya İnkişaf Bankının (ADB) Mərkəzi Asiya Regional İqtisadi Əməkdaşlıq proqramı çərçivəsində təşkil olunub

    Bakı. 7 dekabr. REPORT.AZ/ Bu gün Ümumdünya Gömrük Təşkilatının Bakı şəhərindəki Potensialın Gücləndirilməsi üzrə Avropa Regional Ofisində “Regional tranzit ticarətinin sadələşdirilməsi” mövzusunda seminar işə başlayıb. 

    Dövlət Gömrük Komitəsindən (DGK) “Report”a verilən məlumata görə, tədbir Asiya İnkişaf Bankının (ADB) Mərkəzi Asiya Regional İqtisadi Əməkdaşlıq (CAREC) proqramı çərçivəsində təşkil olunub.

    Seminarda Azərbaycan, Əfqanıstan, Gürcüstan, Qazaxıstan, Qırğızıstan, Monqolustan, Pakistan, Çin, Tacikistan, Türkmənistan və Özbəkistan gömrük orqanlarının, eləcə də CAREC ölkələri Daşıyıcılar və Ekspeditorlar Assosiasiyaları Federasiyasının və digər ozəl təşkilatların (həmçinin sığorta şirkətləri) nümayəndələri iştirak edirlər.

    DGK sədrinin müavini Əsgər Abdullayev Azərbaycanda gömrüyün modernləşdirilməsi istiqamətində həyata keçirilən tədbirlərdən danışıb, Prezident İlham Əliyevin bu istiqamətdə imzaladığı sərəncamlar barədə məlumat verib, həmin sərəncamların vətəndaş-məmur təmasını minimuma endirdiyini, eləcə də şəffaflığın artırılması, beynəlxalq ticarətin sürətləndirilməsi və asanlaşdırılmasında mühüm rol oynadığını vurğulayıb. O, həmçinin gömrük prosedurlarının sadələşdirilməsi, risklərin idarə edilməsi sahəsində görülən işlər və “Yaşıl dəhliz” sisteminin tətbiqindən bəhs edib, bu yeniliklərin Şimal-Cənub və Şərq-Qərb nəqliyyat dəhlizləri üzrə yükdaşımalarda Azərbaycanın önəmini daha da artıracağını bildirib.

    Qeyd edək ki, dekabrın 8-dək davam edəcək seminarda CAREC proqramı çərçivəsində regional tranzit ticarətinin sadələşdirilməsi, tranzit axınlarına dair tədqiqatlar, regional tranzitin zəmanətli mexanizmi, qanunvericilik və normativ hüquqi aktlara dəyişiklik, institusional və idarəetmə strukturları, gömrük əməkdaşlığı, hüquqi və tənzimləyici məsələlər və s. mövzuda məruzələr dinləniləcək.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi