Bakıda ilk dəfə Beynəlxalq Qadınlar Konqressi keçirilir

Bakıda ilk dəfə Beynəlxalq Qadınlar Konqressi keçirilir ​Qənirə Paşayeva: "Qadınların cəmiyyətdə kişilərlə bərabər hüquqlu olması üçün ilk növbədə regionlarda islahatlara başlamalıyıq"
Biznes
28 Mart , 2017 10:59
Bakıda ilk dəfə Beynəlxalq Qadınlar Konqressi keçirilir

Bakı. 28 mart. REPORT.AZ/ Bu gün Bakıda ilk dəfə olaraq “SHE Congress” (“Smart. Happy. Elegant.”) keçirilir.

"Report" xəbər verir ki, sözügedən layihənin təməli 5 il bundan əvvəl qoyulub və “RED Communications” agentliyinin icraçı partnyoru, "Azərbaycanın 100 işgüzar xanımı" təşkilatının sədri Tatyana Mikayılovanın rəhbərlik etdiyi “Azərbaycanın 100 işgüzar qadını” layihəsinin məntiqi davamıdır.

Tədbir çərçivəsində konqressin heyəti təhsil, qadınların karyerasında STEAM-ixtisaslar və SHE tərəfindən idarə olunan layihələrin maliyyələşdirilməsinin xüsusiyyətləri məsələlərinə də toxunulub.

“Tarixən bizim ölkə qadınların cəmiyyətdə layiqli yer tutmasına və inkişaf olunması məsələsinə müsbət köklənib. Hələ XX əsrin əvvəlində Azərbaycan qadınları seçki hüququ əldə etmiş ilk müsəlman qadınları olublar. Beynəlxalq irimiqyaslı tədbirin keçirilməsi zəruridir ki, əsas məqsəd daha çox qadının, o cümlədən karyerasına yeni başlayanların, biznesdə artıq öz sözünü demiş işgüzar xanımların unikal təcrübələri ilə tanış ola bilməsidir. Tədbirə beynəlxalq təcrübələri ilə bölüşə biləcək insanlar dəvət olunub. Məhz bu, dünyada, o cümlədən Azərbaycanda nə baş verdiyini anlamağa və beynəlxalq təcrübəni ölkədə tətbiq etməyə imkan yaradacaq”, - deyə T.Mikayılova bildirib.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Sədaqət Qəhrəmanova qeyd edib ki, Azərbaycan tarixinin bütün dövrlərində qadın mövzusu aktual olub: "Bizim dövlətimizin apardığı siyasət məhz qadınların bilik və bacarıqlarını bir-biri ilə paylaşması, dəstək olmasıdır. Hər bir qadının uğuru onun özünə inanmasıdır. Uğur qazanmaq üçün biz qadınlar əl-ələ verib birlikdə çalışmalıyıq. Bir cəmiyyətdəki qadına böyük qiymət verilir, uğur da məhz onlarındır. Bizim qadınların ən yüksək inkişaf dövrü sovet dövrünə təsadüf edib. Həmin vaxtlarda Azərbaycan qadınlarının əksəriyyəti təhsilli olublar. Ali təhsilli qadın güclü dövlətin təməlidir. Bu səbəbdən qadın məsələlərinə fərdi qaydada baxmaq olmaz. Qadının gücü ailə və ailə münasibətindədir".

Qənirə Paşayeva

"Qadınların cəmiyyətdə kişilərlə bərabər hüquqlu olması üçün ilk növbədə kənd yerlərində islahatlara başlamalıyıq. Qızların, qadınların hüquqlarının pozulmasını araşdırmaq üçün ilk növbədə cinsi seleksiyalara nəzər yetirmək lazımdır. Çox təəssüflər olsun ki, hələdə ölkədə qızı istəməyib, oğlan övladlarına üstünlük verən ailələrimiz var. Tarixin hansısa dövründə qadınlarımızın özgüvəni zəifləyib. Bu istiqamətdə işlər görməliyik, bölgələrə, kəndlərə səfərlər edib, qadınlarımızı maarifləndirməliyik, onlara dəstək olmalıyıq", - deyə millət vəkili Qənirə Paşayeva əlavə edib.

"Womo.ua" layihəsinin həmmüəllifi və “SHE Congress” layihəsinin müəllifi İrina Rubis vurğulayıb ki, womo.ua və “SHE Congress” layihələrinin ərsəyə gəlməsinə bəzən qadınların özlərinin yaydığı stereotiplərin təzyiqi təhrik edir: “Məqsədimiz özünə xas və biznesdə artıq sözünü demiş, ailə həyatını və analığı karyerası ilə uğurla uyğunlaşdıra bilən qadınların təcrübəsini işini evlə uyğunlaşdırmaqda çətinlik çəkən və biznesdə ilk addımları atanlarla bölüşməkdir. Bundan başqa, womo.ua və “Azərbaycanın 100 işgüzar qadını” layihələrinin məqsədi birgə ideya və fəaliyyətlə daha çox qadını, iqdisadiyyatı, qadınların biznesdə rolundan qazana biləcək ölkələri əhatə etməkdir. Bu fakt bir çox qlobal təhlillər tərəfindən artıq sübut olunub”.

Qeyd edək ki, Bakıda ilk dəfə keçirilən “SHE Congress”in təməli 2014-cü ildə Kiyevdə qoyulub və artıq 3 dəfə müxtəlif şəhərlərdə təşkil olunub. “SHE Congress”də 5 ölkədən olan və biznes sahəsində fəaliyyət göstərən 27 işgüzar qadın çıxış edib şəxsi təcrübələri ilə bölüşəcəklər.

Son xəbərlər

Orphus sistemi