Yuxarı
    Bağlamaq

    Bakıda “Əməyin mühafizəsi sahəsində işəgötürənlərin rolu” adlı təlim-seminar keçirilir

    © Report

    Bakı. 21 noyabr. REPORT.AZ/ Bu gün Bakıda “Əməyin mühafizəsi sahəsində işəgötürənlərin rolu” adlı 2 günlük təlim-seminar işə başlayıb. 

    "Report" xəbər verir ki, tədbir Beynəlxalq Əmək Təşkilatının (BƏT) dəstəyi, Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının (ASK) təşkilatçılığı ilə keçirilir.

    Təlim-seminarın mövzusu əməyin mühafizəsi və təhlükəsiz əmək şəratinin yaradılmasında işəgötürənlərin rolu və onların əmək müfəttişləri ilə bu sahədə əməkdaşlığıdır. Təlimçi qismində BƏT-in Əməyin mühafizəsi sahəsində eksperti Valentin Mokanu çıxış edir. Tədbirin məqsədi sahibkarlıq subyektlərinin əməyin mühafizəsi sahəsində bilik və bacarıqlarının artırılması və yaxşı təcrübələrin öyrənilməsidir.

    Təlim-seminarı giriş sözü ilə açan ASK-nın vitse-prezidenti Vüqar Zeynalov deyib ki, bu sahəyə maraq çox böyükdür: "Hökumət əməyin mühafizəsi ilə bağlı çox böyük işlər görür. Amma bu təlimlərə marağın böyük olması onu göstərir ki, biz hələ də maarifləndirmə işlərini davam etdirməliyik".

    BƏT-in işəgötürənlərin fəaliyyəti üzrə baş mütəxəssisi Vladimir Kuroviç isə bir sıra ölkələrdə əmək müfəttişliklərinin fəaliyyətinin qənaətbəxş olmadığını deyib: "Özbəkistanda uşaq əməyinin istifadəsi ilə bağlı problemlər yaranmışdı. BƏT bu ölkədə çalışmağa başladı. Fəaliyyətin ilk vaxtlarında onlar bunu etiraf etmədilər, amma sonra həqiqəti qəbul etdilər. Sonradan bu sahədə xeyli irəliləyişə nail olduq. BƏT beynəlxalq polis deyil. Biz sadəcə insanların rifahına xidmət edəcək işlə məşğuluq".

    V.Mokanu isə deyib ki, keçmiş SSRİ ölkələrində əmək müfəttişliyi cəzaverici orqan kimi qəbul edilir: "Düşünürəm ki, müasir əmək müfəttişliyi kimya sənayesi və ekologiya sahəsində də müəyyən yoxlamalar aparmaq səlahiyyətinə sahib olmalıdırlar".

    Qeyd edək ki, təlim-seminarda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin əməkdaşları da iştirak edirlər. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi