Yuxarı

​Bakıda Biznes İnkubasiya Mərkəzi açılıb

Mərkəzdə 20 nəfər eyni vaxtda çalışa bilər

Bakı. 22 oktyabr. REPORT.AZ/ “Vətəndaş Cəmiyyətində Debat” İctimai Birliyi (DVC), Gənclər və İdman Nazirliyi və “Coca-Cola” şirkətinin birgə həyata keçirdiyi “Youth Inc.” gənc sahibkarlıq proqramı çərçivəsində Bakıda gənclər üçün Biznes İnkubasiya Mərkəzinin açılış mərasimi keçirilib.

"Report" xəbər verir ki, tədbirdə Azərbaycanın gənclər və idman nazirinin müavini İntiqam Babayev , “Coca-Cola” şirkətinin Azərbaycan üzrə market-meneceri Qabil Əhmədov, DVC-nin sədri Seymur Hüseynov, həmçinin proqramın tərəfdaş təşkilatları və media nümayəndələri iştirak ediblər.

“Youth Inc.” Biznes İnkubasiya Mərkəzinin yaradılmasının əsas məqsədi Azərbaycanda gənc sahibkarlığın inkişaf etdirilməsi üçün əlverişli platformanın yaradılması, şəxsi bizneslərini qurmaq istəyən gənc liderlərin təşəbbüslərinin dəstəklənməsidir.

Açılış mərasimində çıxış edən DVC-nin sədri Seymur Hüseynov ruhlandırıcı dizayna malik mərkəzin gələcək sahibkarların öz ideyalarını daha effektiv reallaşdırması üçün bütün gərəkli avadanlıqlarla təchiz edildiyini vurğulayıb. O, həmçinin qeyd edib ki, mərkəzdə gənclər bizneslərini qurmaq üçün tələb olunan müxtəlif resurslardan faydalana bilərlər.

Qeyd edək ki, Azərbaycanda 2013-cü ilin yanvar ayından uğurla həyata keçirilən “Youth Inc.” proqramı “Coca-Cola”, Gənclər və İdman Nazirliyi və DVC təşkilatının dəstəklədiyi uzunmüddətli gənclər proqramıdır. “Youth Inc.”in aktiv fəaliyyət göstərdiyi illər ərzində proqram məzunları 8 müxtəlif biznes-layihələr həyata keçirib, 5 minə yaxın gənc seminarlarda iştirak edib. Bu istiqamətdə proqram çərçivəsində yeni fəaliyyətə başlayacaq Biznes İnkubasiya Mərkəzi Lev Tolstoy küçəsi, 131 ünvanında yerləşir. Mərkəz Azərbaycan gəncləri üçün açıq tipli müstəqil biznes inkubator olaraq gənc sahibkarlara 20 nəfərin eyni vaxtda işləməsi üçün nəzərdə tutulmuş 165 kv.metr sahəli ofis məkanı və ləvazimatlar ilə yanaşı, müvafiq infrastruktur, maliyyə və investisiya, şəbəkələşmə, təlim-tədris proqramı, brendinq kateqoriyaları üzrə unikal xidmətlər təklif edir. Mərkəz haqqında ətraflı məlumatı www.youthinc.az saytından əldə etmək mümkündür.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi