Yuxarı
    Bağlamaq

    Bakıda Azərbaycan-İran forumu keçirilir

    Səfir: İki ölkə gömrük, yükdaşıma rüsumlarının azaldılması ilə bağlı müzakirələr aparıb və yaxın zamanlarda bunun nəticəsini görmək mümkün olacaq

    Bakı. 25 fevral. REPORT. AZ/ Bu gün Bakıda Azərbaycan-İran işgüzar forumu işə başlayıb. "Report" xəbər verir ki, tədbirdə azərbaycanlı iş adamları və İranın Şərqi Azərbaycan vilayətinin nümayəndə heyəti iştirak edir. 

    Forumda çıxış edən Azərbaycanın iqtisadiyyat nazirinin müavini Sahil Babayev iki ölkə arasında mövcud olan əlaqələrin inkişafından danışıb. S.Babayev Azərbaycandakı biznes mühiti, aparılan islahatlar, inkişaf potensialı barədə iranlı nümayəndə heyətinə məlumat verib. 

    "İran Azərbaycana bu günə qədər 1, 2 mlrd. dollar həcmində investisiya yatırıb. Bu vəsaitin əsas həcmi neft sektorunun payına düşür. Bu gün Azərbaycanda 430 İran şirkəti fəaliyyət göstərir. Müqayisədə etdikdə bu rəqəm digər ölkələrdən iki dəfə çoxdur. Həmçinin, dövlət başçısı İlham Əliyevin İrana səfəri zamanı Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizinin daha da inkişaf etdirilməsi ilə bağlı bir sıra razılıq əldə edilib. Bu, iqtisadi əlaqələrin potensialının bir hissəsidir", - deyə nazir müavini qeyd edib. 

    Iranın Azərbaycandakı səfiri Möhsun Pak Ayin isə bildirib ki, iki ölkənin əlaqələrinin genişlənməsi üçün özəl sektorun əlaqələrinin yaxşı olması vacibdir: "Azərbaycan prezidenti İlham Əliyevin İrana səfəri zamanı təxminən 11 sənəd imzalanıb. O cümlədən, gömrük sahəsində sənəd imzalanıb ki, bu da iki ölkənin iqtisadi sahədə əlaqələrinin inkişafına kömək edəcək. Həmçinin, İran vətəndaşlarının Azərbaycana girişi üçün sadələşdirilmiş viza ala bilməsinə dair məsələ də müzakirə olunub. Ümid edirik ki, bu ilin birinci yarısının sonunda məsələ ilə bağlı sevindirici xəbər ala biləcəyik".

    İranla Azərbaycanın bank sektorunda da əlaqələrinin yaxınlaşacağını əlavə edən səfir qeyd edib ki, iki ölkə gömrük, yükdaşıma rüsumlarının azaldılması ilə bağlı məhsuldar müzakirələr aparıb və yaxın zamanlarda bunun nəticəsini görmək mümkün olacaq.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi