​Bakı sahibkarlarına daha 3 mln. manat güzəştli kredit verilib

​Bakı sahibkarlarına daha 3 mln. manat güzəştli kredit verilib Bu gün Zirədə keçirilən forumda 70-ə yaxın sahibkar iştirak edib
Biznes
29 Mart , 2016 15:13
​Bakı sahibkarlarına daha 3 mln. manat güzəştli kredit verilib

Bakı. 29 mart. REPORT.AZ/ İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu (SKMF) iqtisadiyyatın müxtəlif sahələrində fəaliyyət göstərən sahibkarlıq subyektlərinin investisiya layihələrinin maliyyələşdirilməsi istiqamətində bu gün Bakı şəhəri Xəzər rayonunun Zirə qəsəbəsində sahibkarlığın güzəştli kreditləşdirilməsi məsələlərinə dair işgüzar forum keçirib.

“Report” İqtisadiyyat Nazirliyinin mətbuat xidmətinə istinadən məlumat verir ki, tədbirdə sahibkarlara güzəştli kreditlərin alınması mexanizmi barədə ətraflı məlumat verilib, Xəzər rayonunda həyata keçirilməsi məqsədəuyğun hesab olunan nümunəvi layihələr təqdim olunub, sahibkar-müvəkkil kredit təşkilatı münasibətlərinin möhkəmləndirilməsi istiqamətində müzakirələr aparılıb, sahibkarların investisiya layihələri güzəştli qaydada maliyyələşdirilib.

Forumda 70-ə yaxın sahibkar iştirak edib. Tədbir çərçivəsində Xəzər rayonunun iqtisadi potensialının reallaşdırılması məqsədilə prioritet hesab olunan istixana, zeytunçuluq və üzümçülük təsərrüfatlarının, ət kəsimi, üzlük daşların və plastik qabların istehsalı müəssisələrinin yaradılması üzrə nümunəvi investisiya layihələrinin təqdimatı keçirilib, kiçik həcmli investisiya layihələrinin ümumi dəyərinin 100%-dək hissəsinin dövlətin güzəştli kreditləri hesabına maliyyələşdiriləcəyi bildirilib, sahibkarlara nümunəvi layihələr və metodiki materiallar paylanıb.

SKMF-in icraçı direktoru Şirzad Abdullayev bildirib ki, bugünədək Bakı şəhəri və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair dövlət proqramları çərçivəsində paytaxt qəsəbələrində sahibkarlıq subyektlərinin 1 200-ə yaxın investisiya layihəsinin maliyyələşdirilməsinə 307 mln. manat güzəştli kredit verilib, digər sahələrlə yanaşı, müasir texnologiyaların tətbiqinə əsaslanan çörək zavodlarının, istixana, quşçuluq təsərrüfatlarının, logistik mərkəzlərin, ət emalı, metal konstruksiya, neft-kimya sənayesi avadanlıqları, mebel və digər sənaye müəssisələrinin yaradılması üzrə investisiya layihələri maliyyələşdirilib, 9 mindən çox yeni iş yerinin açılması imkanı yaradılıb.

İşgüzar forumda Bakı qəsəbələrində fəaliyyət göstərən 18 sahibkara 3,2 mln. manat güzəştli kredit verilib. Kreditlər əsasən heyvandarlıq, quşçuluq, tərəvəzçilik, tikinti materiallarının istehsalı sahələrinin inkişafına yönəldiləcək. Bu kreditlərin reallaşdırılması hesabına 100-dən çox yeni iş yerinin açılması mümkün olacaq.

Forum çərçivəsində Xəzər rayonunun Zirə qəsəbəsində güzəştli kredit ayrılan zeytunçuluq təsərrüfatına və ildə 4 min ton tərəvəz məhsulları istehsal edə biləcək müasir istixana kompleksinə baxış keçirilib. Ümumilikdə, Bakı şəhərinin qəsəbələrində 109,8 ha ərazidə illik istehsal gücü 36,2 min ton tərəvəz məhsulları, 8 mln. ədəd dekorativ bitkilər, 10,6 mln. ədəd tərəvəz ştilləri olan 25 müasir istixana kompleksinin yaradılmasına 77,8 mln. manat dövlətin güzəştli kreditləri verilib.

Son xəbərlər

Orphus sistemi