Bakı Biznes Tədris Mərkəzində sahibkarlar və menecerlər üçün seminarlar keçirilib

Bakı Biznes Tədris Mərkəzində sahibkarlar və menecerlər üçün seminarlar keçirilib Treninq almaniyalı beynəlxalq ekspert Fred Lyudolf tərəfindən təşkil olunub
Biznes
27 Aprel , 2015 19:54
Bakı Biznes Tədris Mərkəzində sahibkarlar və menecerlər üçün seminarlar keçirilib

Bakı. 27 aprel. REPORT.AZ/ Aprelin 25-26-da Bakı Biznes Tədris Mərkəzində “Azərbaycan Respublikasında biznesin idarə olunması sahəsində kadrların ixtisasının artırılması üzrə Almaniya-Azərbaycan birgə Proqramı” çərçivəsində sahibkar və gənc menecerlər üçün seminar keçirilib.

“Report” İqtisadiyyat və Sənaye Nazirliyinin məlumatına əsasən xəbər verir ki, ixtisasartırma kurslarının səmərəliliyinin qiymətləndirilməsinə həsr edilən tədbirdə İqtisadiyyat və Sənaye Nazirliyinin, Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının (ASK), Almaniya Federativ Respublikasının Azərbaycan Respublikasındakı Səfirliyinin, Almaniya Sənaye və Ticarət Palatasının, Almaniyanın Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin (GİZ) və müvafiq tədris mərkəzlərinin nümayəndələri, eləcə də 2014-cü ildə Almaniyada “İqtisadi kooperasiya” üzrə ixtisasartırma kursları keçmiş 40-dan çox sahibkar və gənc menecerlər iştirak edib.

Seminarda çıxış edən İqtisadiyyat və Sənaye Nazirliyinin Sahibkarlığın inkişafı siyasəti şöbəsinin müdiri Elçin İbrahimov, Bakı Biznes Tədris Mərkəzinin direktoru Akif Fərruxov, ASK-nın şöbə müdiri Elnur Ələkbərov, Almaniya Federativ Respublikasının Azərbaycan Respublikasındakı Səfirliyinin nümayəndəsi Wolfgang Moessinger, Almaniya Sənaye və Ticarət Palatasının Azərbaycan üzrə nümayəndəsi Florian Schroeder, GİZ-in layihələr üzrə rəhbəri Ronald Şults və Azərbaycan nümayəndəliyinin rəhbəri Henning Twesten, eləcə də Almaniyanın tədris mərkəzlərinin nümayəndələri “Azərbaycan Respublikasında biznesin idarə olunması sahəsində kadrların ixtisasının artırılması üzrə Almaniya-Azərbaycan birgə Proqramı” və ixtisasartırma kurslarının nəticələri barədə məlumat veriblər.

Bununla yanaşı, 2015-ci ilin iyunun 14-dən iyulun 11-dək Almaniyanın Qamburq şəhərində yerləşən “İdarəetmə Akademiyası” Tədris Mərkəzində və müvafiq tibb müəssisələrində “Səhiyyədə iqtisadi kooperasiya” üzrə tədris və təcrübə keçəcək 20 sahibkar və menecerlər üçün aprelin 25-26-da hazırlıq seminarı keçirilib.

Bundan əlavə, aprelin 26-da “Azərbaycan Respublikasında biznesin idarə olunması sahəsində kadrların ixtisasının artırılması üzrə Almaniya-Azərbaycan birgə Proqramı”nın 60-dan çox iştirakçısı üçün “Müəssisələrin fəaliyyətinin səmərəliliyinin yüksəldilməsi və yenidən qurulması metodologiyası” mövzusunda treninq keçirilib.

Almaniyalı beynəlxalq ekspert Fred Lyudolf tərəfindən keçirilən treninqdə iştirakçılara müasir şəraitdə müəssisələrin səmərəli fəaliyyətinin təşkili, kadrların peşəkarlıq səviyyəsinin artırılması, məhsul və xidmətlərin rəqabətqabiliyyətinin yüksəldilməsi barədə ətraflı məlumatlar verilib.

Son xəbərlər

Orphus sistemi