Azexport.az portalına I rübdə 185,6 mln. dollarlıq ixrac sifarişi daxil olub

Azexport.az portalına I rübdə 185,6 mln. dollarlıq ixrac sifarişi daxil olub Bakı. 27 aprel. REPORT.AZ/ İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İxrac İcmalı”nın 2018-ci ilin aprel sayı təqdim olunub.
Biznes
27 Aprel , 2018 15:21
Azexport.az portalına I rübdə 185,6 mln. dollarlıq ixrac sifarişi daxil olub

Bakı. 27 aprel. REPORT.AZ/ İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İxrac İcmalı”nın 2018-ci ilin aprel sayı təqdim olunub.

Mərkəzdən "Report"a verilən məlumata görə, icmalın bu sayında göstərilir ki, 2018-ci ilin I rübü ərzində qeyri-neft sektoru üzrə ixrac 356,4 milyon ABŞ dolları təşkil edib.

2017-ci ilin müvafiq dövrü ilə müqayisədə cari ilin yanvar-mart aylarında qeyri-neft sektoru üzrə ixrac 35 faiz artıb. Cari ilin yanvar-mart ayları ərzində Rusiyaya 98,7 milyon, Türkiyəyə 97,6 milyon, İsveçrəyə 33,8 milyon, Gürcüstana 31,8 milyon və Çinə 11,9 milyon ABŞ dolları dəyərində qeyri-neft sektoruna aid mal ixrac olunub. Dövlət Statistika Komitəsinin məlumatına əsasən, 2018-ci ilin I rübü ərzində ixrac olunan qeyri-neft sektoru məhsulları arasında elektrik enerjisi (33,9 milyon ABŞ dolları) birinci, qızıl (30,9 milyon ABŞ dolları) ikinci, xüsusi kütləsi 0,94-dən az olan ilkin formalı polietilen (26,3 milyon ABŞ dolları) üçüncü olub. Ümumiyyətlə, I rüb ərzində meyvə-tərəvəz ixracı 80,7 milyon, elektrik enerjisinin ixracı 33,9 milyon, plastmas və onlardan hazırlanan məmulatların ixracı 32,2 milyon, alüminium və ondan hazırlanan məmulatların ixracı 30,9 milyon, qara metallar və onlardan hazırlanan məmulatların ixracı 15,8 milyon, kimya sənayesi məhsullarının ixracı 12,4 milyon ABŞ dolları olub. 2017-ci ilin müvafiq dövrü ilə müqayisədə 2018-ci ilin I rübündə elektrik enerjisinin ixracı 8,6 dəfə, meyvə-tərəvəzin ixracı 45,7 faiz, qara metallar və onlardan hazırlanan məmulatların ixracı 34,8 faiz, kimya sənayesi məhsullarının ixracı 29,5 faiz, pambıq ipliyi ixracı 24,8 faiz, çayın ixracı 12,9 faiz, alüminium və ondan hazırlanan məmulatların ixracı 4 faiz artıb.

Dövlət Statistika Komitəsinin məlumatına əsasən, cari ilin mart ayında isə qeyri-neft sektoru üzrə ixrac 115 milyon ABŞ dolları təşkil edib. 2018-ci ilin mart ayında ən çox qeyri-neft sektoruna aid mal Türkiyəyə ixrac edilib (42,3 milyon ABŞ dolları). 2018-ci ilin mart ayında qeyri-neft sektoru üzrə ixracda birinciliyə elektrik enerjisi sahiblənmişdir (13,6 milyon ABŞ dolları). Bu siyahıda ikinci yeri tomat (9,3 milyon ABŞ dolları), üçüncü yeri isə qabığı təmizlənmiş meşə fındığı (8,3 milyon ABŞ dolları) tutub.

“İxrac İcmalı”nın mart sayında qeyri-neft sektoru üzrə əsas ixracatçı şirkətlərin reytinqi verilib. 2018-ci ilin I rübündə qeyri-neft sektoru üzrə qeyri-dövlət ixracatçı şirkətlərin siyahısında ilk onluqda “Azərbaycan İnterneyşnl Mayninq Kompani Limited" şirkətinin Azərbaycan Respublikasındakı nümayəndəliyi, "MKT İstehsalat Kommersiya" MMC, "Aqrodoctor" MMC, "Baku Steel Company" MMC,"Metalçılar-2" MMC, "Ram Beynəlxalq Nəqliyyat və Ticarət LTD" MMC, “CTS-Agro” MMC, "SunFood" MMC, “Qlaf Drillinq Saplay FZE” şirkətinin Azərbaycan Respublikasındakı Filialı və "Azərbaycan Şəkər İstehsalat Birliyi" MMC.

Qeyri-neft sektoru üzrə ixrac əməliyyatlarında iştirak edən dövlətə məxsus şirkətlərin siyahısına isə ARDNŞ-in “Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi” başçılıq edir. Daha sonra bu siyahıda aşağıdakı şirkətlər təmsil olunurlar: "Azərenerji" ATSC, "Det-al Alüminium" MMC, "Azergold" QSC, "Azərbaycan Hava Yolları" QSC, "SOCAR Methanol" MMC, "Ərzaq Məhsullarının Tədarükü və Təchizatı" ASC, “Qaz ixrac idarəsi”, "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC və "Suraxanı Maşınqayırma Zavodu Törəmə" ASC.

“İxrac İcmalı”nda həm də xidmət ixracına yer ayrılıb. Göstərilib ki, 2018-ci ilin I rübündə “Azərkosmos” ASC tərəfindən dünyanın 18 ölkəsinə peyk və telekommunikasiya xidmətləri ixrac edilib. Cari ilin ilk 3 ayında “Azərkosmos” ASC peyk və telekommunikasiya xidmətlərinin ixracından 3,4 milyon ABŞ dolları məbləğində gəlir əldə edib. “Azərkosmos” ASC-nin xidmət ixracından əldə etdiyi gəlir onun ümumi gəlirlərinin 86 faizini təşkil edib.

“Azərkosmos” ASC-nin 2018-ci ilin I rübündə xidmət ixracı həyata keçirdiyi əsas ölkələr Fransa, BƏƏ, Almaniya, Gürcüstan, Çin, Misir, Qırğızıstan, Kipr, CAR, Birləşmiş Krallıq, Ukrayna və digərləridir.

“İxrac İcmalı”nda məlumat verilib ki, 2018-ci ilin I rübündə Azərbaycana dünyanın 151 ölkəsindən 629,4 min və ya ötən ilin müvafiq dövrü ilə müqayisədə 12,4 faiz çox əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib. 2018-ci ilin mart ayları ərzində Azərbaycana gələn xarici vətəndaşların bank kartları vasitəsi ilə apardıqları əməliyyatların 105,8 milyon manat təşkil edib və ötən ilin mart ayı ilə müqayisədə 16 faiz artıb.

Ümumiyyətlə, 2017-ci ilin müvafiq dövrü ilə müqayisədə 2018-ci ilin yanvar-mart ayları ərzində Azərbaycana gələn xarici vətəndaşların bank kartları vasitəsi ilə apardıqları əməliyyatların dəyəri 18 faiz artaraq 296,7 milyon manat təşkil edib.

“İxrac İcmalı”nda 2018-ci ilin yanvar-mart ayı ərzində Azexport.az portalına daxil olan ixrac sifarişləri barədə də məlumat verilib. Göstərilib ki, 2018-ci ilin I rübündə 185,6 milyon ABŞ dolları məbləğində ixrac sifarişi daxil olub. Cari ilin mart ayı ərzində Azexport.az portalına 66,5 milyon ABŞ dolları məbləğində ixrac sifarişləri daxil olub. Ümumilikdə isə, 2017-ci ilin yanvar ayından 2018-ci ilin 31 mart tarixinə kimi Azexport.az portalına dünyanın 90 ölkəsindən daxil olan ixrac sifarişlərinin dəyəri 660,6 milyon ABŞ dolları təşkil edib.

Daxil olan sifarişləri məhsullar üzrə təhlil etdikdə məlum olub ki, cari ilin mart ayında ən çox ixrac sifarişi şərab, yumurta, nar şirəsi, alma, findıq ləpəsi, qənnadi məhsulları, pomidor, buğda kəpəyi, makaron, çay, zəfəran, pambıq yağı, tibbi tənzif, dekorativ güllər, konservləşdirilmiş ət, mühərrik yağı, tikinti materialları və s. mallara daxil olub.

Həmçinin “İxrac İcmalı”nın aprel sayında Azərbaycanda ilk dəfə Sərbəst Satış Sertifikatının verilməsinə başlanılması, “Bir Pəncərə” İxraca Dəstək Mərkəzinin sahibkarlara göstərdiyi xidmətlər, bal ixracı ilə bağlı aparılan araşdırma və s. məsələlər barədə də məlumatlar verilib.

“İxrac İcmalı”nın məqsədi sahibkarları ixracla bağlı maarifləndirməyə, yerli malların ənənəvi və yeni bazarlara çıxarılması imkanlarını artırmağa və beynəlxalq bazarlara inteqrasiya prosesini sürətləndirməyə xidmət edir.

Son xəbərlər

Orphus sistemi