Bakı. 2 oktyabr. REPORT.AZ/ Azərbaycanın ixrac missiyası Qazaxıstanın Almatı şəhərindədir.
"Report" İqtisadiyyat Nazirliyinə istinadən xəbər verir ki, missiyanın ilk günü qida məhsullarının, inşaat və tikinti materiallarının istehsalı sahəsində fəaliyyət göstərən Azərbaycan şirkətlərinin təmsilçiləri aparıcı qazax şirkətlərinin nümayəndələri ilə görüşlər keçirilib.
Görüşlərdə qeyri-neft sektorunun inkişafı, Azərbaycanın ixrac potensialı, ixracın stimullaşdırılması tədbirləri, rəqabətqabiliyyətli və keyfiyyətli yerli məhsullar barədə məlumat verilib, Azərbaycan və Qazaxıstanın iş adamları arasında əlaqələrin genişləndirilməsi, Qazaxıstana ixrac imkanları barədə müzakirələr aparılıb.
Qeyd edək ki, “Made in Azerbaijan" brendinin təşviqi məqsədilə İqtisadiyyat Nazirliyinin dəstəyi və Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) təşkilatçılığı ilə Qazaxıstanın Almatı, eləcə də Şimkent şəhərlərinə təşkil olunan ixrac missiyası oktyabrın 5-nə qədər davam edəcək. Missiyaya 29 şirkətin nümyəndəsi daxildir.