Yuxarı

Azərbaycanın iki bankı Polşa bazarına çıxmaq niyyətindədir

Polşa Bakının daxili nəqliyyatına yeniliklər gətirməkdə maraqlıdır

Bakı. 15 dekabr. REPORT.AZ/ Azərbaycanın iki kommersiya bankı Polşa bazarına çıxmaq niyyətini bu ölkənin müvafiq dövlət qurumlarına bildirib. Bu, "PAŞA Bank" ASC və Azərbaycan Beynəlxalq Bankıdır. "Report"un verdiyi xəbərə görə, bunu bu gün Bakıda keçirilən Azərbaycan-Polşa Hökumətlərarası Komissiyasının iclasında çıxış edən komissiyanın azərbaycanlı həmsədri, energetika naziri Natiq Əliyev bildirib.

Onun fikrincə, iki ölkə arasında əlaqələr bir çox sahələrdə olduğu kimi kənd təsərrüfatında da inkişaf edir.

Polşalı həmsədr, baş nazirin müavini, iqtisadiyyat naziri Yanuş Pexoçinski isə Polşa şirkətlərinin Bakıda tramvay yollarının inşasında maraqlı olduğunu qeyd edib: "Polşa nəqliyyat sahəsində Azərbaycanın daxili vəziyyətini dəyərləndirdi. Bu sahədə yatırımlar etmək istəyirik". 

O, Azərbaycanla gələcəkdə əməkdaşlıq etmək istədikləri sahələrdən biri olaraq daxili nəqliyyat sahəsinin olduğunu ifadə edib, hətta tramvay yollarının yenidən qurularaq istifadəyə verməkdə maraqlı olduqlarını vurğulayıb: "Artıq qərara gəldik ki, Bakının nəqliyyatında önəmli rola malik olan tramvay yollarını bərpa edək. Bilirsiniz ki, biz bu sahədə bir çox ölkə ilə əməkdaşlıq edirik və Bakının daxili nəqliyyatına yeniliklər gətirməkdə maraqlıyıq".

Qeyd edək ki, hökumətlərarası komissiyanın iclasının sonunda tərəflər arasında yekun protokol imzalanıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi