Bakı. 14 noyabr. REPORT.AZ/ “Made in Azerbaijan” brendinin təşviqi məqsədi ilə İqtisadiyyat Nazirliyinin dəstəyi, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) təşkilatçılığı ilə Bolqarıstana təşkil edilmiş ixrac missiyası başa çatıb.
İqtisadiyyat Nazirliyindən “Report”a verilən məlumata görə, qida məhsulları, şərab və digər spirtli içkilər istehsalı sahəsində fəaliyyət göstərən Azərbaycan şirkətləri distributor, idxalçı və topdansatış şirkətləri ilə ikitərəfli görüşlər keçirib, “Interfood & Drink” sərgisində, bir sıra iri marketlərdə olub, müzakirələr aparıblar.
Azərbaycan şirkətləri tərəfindən təqdim olunan məhsullar Bolqarıstan şirkətləri tərəfindən maraqla qarşılanıb. Belə ki, Azərbaycanın “Kaslar” MMC şirkəti ilə Bolqarıstanın “Stil Agro” LTD, “My Day” LLC və “KaPousouz” şirkətləri arasında fındığın ixracına dair ilkin razılıq əldə olunub.
Bundan əlavə, Azərbaycanın “Tac” MMC (Aquavita) şirkəti ilə Bolqarıstanın distribütor şirkətləri arasında nar və heyva limonadların ixracına dair müzakirələr aparılıb. Azərbaycanın “Baku Konserv” QSC şirkəti ilə Bolqarıstanın distribütor “Dikotex” şirkəti arasında təbii nar şirəsinin Bolqarıstana ixracına və üçüncü Avropa ölkələrinə çıxışına dair danışıqlar aparılıb. Azərbaycanın “Banu Organic” MMC, “Ayan” MMC, “Sun Food” MMC şirkətləri istehsal etdikləri məhsulların ixracına dair Bolqar şirkətləri ilə razılığa gəliblər.
İxrac mssiyası çərçivəsində həmçinin, “Şirin Aqro” MMC şirkəti ilə Bolqarıstanın “Kafkas” şirkəti arasında müxtəlif növ meyvə və tərəvəzin böyük həcmdə ixracına dair müzakirələr aparılıb, Azərbaycanın “Az-Granata” MMC şirkəti nar şirəsinin Bolqarıstana ixracına, eləcə də məhsullarının “Metro” supermatketlərində yerləşdirilməsinə dair razılıq əldə edib.