Azərbaycanda şəkər çuğunduru istehsalçılarına illik 3%-lə güzəştli kredit verilib

Azərbaycanda şəkər çuğunduru istehsalçılarına illik 3%-lə güzəştli kredit verilib Bu kreditlərin hesabına 7 min hektar sahədə şəkər çuğunduru əkiləcək
Biznes
15 Mart , 2018 14:56
Azərbaycanda şəkər çuğunduru istehsalçılarına illik 3%-lə güzəştli kredit verilib

Bakı. 15 mart. REPORT.AZ/ Bu gün İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu (SKMF), “Azərbaycan Şəkər İstehsalat Birliyi” MMC və “Azərbaycan Sənaye Bankı” ASC (ASB) arasında əməkdaşlığa dair Niyyət Protokolu imzalanıb.

"Report" bu barədə Nazirliyə istinadən xəbər verir. 

Niyyət Protokoluna əsasən, ASB Fondun vəsaiti hesabına güzəştli kreditləri şəkər çuğundurunun əkilməsi məqsədilə illik faiz dərəcəsi 3%-dən artıq olmamaqla verilməsinə vasitəçilik edəcək, “Azərbaycan Şəkər İstehsalat Birliyi” güzəştli kreditlərin əkinçilik mövsümü ərzində şəkər çuğunduru istehsalçısı olan fermerlərə verilməsini və əldə olunmuş xammalın tədarükünü təmin edəcək. 

Bununla bağlı İmişlidə keçirilən tədbirdə çıxış edən SKMF-in icraçı direktoru Şirzad Abdullayev Fondun özəl bölmənin inkişafında, xüsusən də regionlarda sahibkarlıq fəaliyyətinin genişləndirilməsi istiqamətində həyata keçirdiyi tədbirlər, imzalanmış Niyyət Protokolu üzrə birgə əməkdaşlığın üstünlükləri barədə məlumat verib. O qeyd edib ki, şəkər çuğundurunun istehsalına ayrılan dövlətin güzəştli kreditləri İmişlidə yerləşən emal müəssisəsinin yerli xammalla təminatını artıracaq, bu sahədə idxaldan asılılığın azalmasına imkan verəcək.

“Azərbaycan Şəkər İstehsalat Birliyi”nin direktoru Mehran Məmmədov Birliyin fəaliyyət istiqamətləri barədə məlumat verib, şəkər çuğunduru istehsalının artırılmasının məşğulluqda əhəmiyyətini vurğulayıb. 

ASB-nin İdarə Heyətinin sədri Doğan Tandoğan imzalanmış Niyyət Protokoluna uyğun olaraq şəkər çuğunduru istehsalçılarının investisiya layihələrinin maliyyələşdirilməsinə müvəkkil bank olaraq illik faiz dərəcəsi 3%-dən artıq olmamaqla güzəştli kreditlər veriləcəyini qeyd edib, istehsalçılarla işgüzar əlaqələrin daha da genişləndiriləcəyini diqqətə çatdırıb.

Tədbir çərçivəsində SKMF-in vəsaiti hesabına şəkər çuğunduru istehsalçılarına illik 3%-lə 7 mln. manat güzəştli kredit verilib. Bu, 1 472 fermer tərəfindən 7 min hektar sahədə şəkər çuğundurunun əkilməsinə imkan verir. 

"Daha aşağı faizlə güzəştli kreditlərin verilməsi kiçik və orta sahibkarlığın inkişafına əlavə stimul verməklə yanaşı, “Azərbaycan Şəkər İstehsalat Birliyi” ilə şəkər çuğunduru istehsalçıları arasında biznes əlaqələrinin inkişafında və təsərrüfatların genişləndirilməsində əhəmiyyətli olacaq. SKMF şəkər çuğunduru istehsalı layhələrinin aşağı faizlə maliyyələşdirilməsini davam etdirəcək", - deyə məlumatda qeyd olunub.

Son xəbərlər

Orphus sistemi