Yuxarı

Azərbaycanda sahibkarların yoxlanılması üçün yeni qurum yaradıla bilər

Bu, Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi sədrinin fikridir

Bakı. 3 mart. REPORT.AZ/ "Ümumiyyətlə, sahibkarlıq sahəsində planlı yoxlamaların aparılmasının əleyhinəyəm. Hesab edirəm ki, bu cür yoxlamalar səmərəsizdir. Məsələ ilə bağlı biz öz təkliflərimizi hazırlamışıq".

"Report" xəbər verir ki, bunu Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin sədri Ramiz Həsənov sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılmasının sui-istifadə hallarının artmasına gətirib çıxaracağı ilə bağlı məsələyə münasibət bildirərkən deyib.

"Necə ola bilər ki, əvvəlcədən hansı müəssisənin yoxlanılması bəlli olsun. Komitə bu nəzarət sistemini bazar vasitəsi ilə təkmilləşdirilməsini təklif edir. Belə ki, bu sahə ilə məşğul olan dövlət qurumları istehlak bazarında olan məhsulları alıb, qeydiyyata alınmış laboratoriyada yoxlamalı və onun nəticəsinə uyğun olaraq yoxlama aparmalıdır. Bu, ölkəyə idxal olunan məhsullara da şamil edilməlidir. Fikrimcə, müəssisəni narahat etmək yox, bazar vasitəsilə keyfiyyətsiz məhsulları aşkar etmək lazımdır".

R.Həsənov əlavə edib ki, Azərbaycanda istehsal olunan məhsulların yoxlanılması ilə bağlı bu sahəyə aid bütün orqanlar birgə çalışır: "Dövlət başçısının tapşırığına əsasən, sahibkarlıq obyektlərinin yoxlanılması sahəsində dəyişikliklər aparılmalı, xarici ölkələrin bu sahədə olan təcrübəsi öyrənilməli və tətbiq edilməlidir. Həmçinin, müvafiq islahatların aparılması ilə bağlı dövlət başçısı köməkçi təyin edib. Təbii ki, islahatlar olacaq. Təkliflər hazırlanır və yaxın zamanda təqdim ediləcək. Ümumiyyətlə, bu qərar tamamilə düzgündür, bu sahə təkmilləşdirilməli, hətta lazım olarsa, bu işlə məşğul olan yeni qurum yaradılmalıdır".

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi