Bakı. 10 sentyabr. REPORT.AZ/ İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi və İSESKO-nun birgə təşkilatçılığı ilə Bakıda Rəqəmsal Ticarət Qovşağına aid ikinci beynəlxalq konfrans keçiriləcək.
“Report”un mərkəzə istinadən verdiyi xəbərə görə, əsasən rəqəmsal iqtisadiyyatları birləşdirən sərhədsiz elektron ticarət platformaları haqqında danışılacaq konfransda həmçinin transsərhəd iqtisadi əlaqələrin, elektron xidmətlərin və yeni iş imkanlarının perspektivləri müzakirə ediləcək.
Rəqəmsal Ticarət Qovşağının meneceri Nicat Əsədli bildirib ki, Azərbaycanda belə bir tədbiri təşkil etməklə həm Azərbaycanın Rəqəmsal Ticarət Qovşağı yeni formatda təqdim ediləcək, həm də ölkənin elektron ticarət və elektron kommersiya, mobil və elektron identifikasiya, rəqəmsal hökümət və kibertəhlükəsizlik sahələrində əldə etdiyi nailiyyətlər, çətinliklər və imkanlar barəsində xarici təcrübəyə malik mütəxəssislərlə fikir mübadiləsi aparılacaq.
“Dövlət tərəfindən bir çox elektron platformalar, rəqəmsal xidmətlər və onlayn resurslar yaradılıb. Bunlardan biri də Azərbaycanın “Rəqəmsal Ticarət Qovşağı”dır. Qovşaq dünyada həm yerli sahibkarlar üçün müxtəlif rəqəmsal həllər, həm də qeyri-rezidentlər üçün elektron xidmətlər təqdim edən yeganə platformadır.”
Qeyd edək ki, Azərbaycanda Rəqəmsal Ticarət Qovşağına aid ikinci beynəlxalq konfransda ABŞ, Tayland, Böyük Britaniya, Estoniya, Türkiyə, Mərakeş və digər ölkərədən nümayəndələr olmaqla 10-dan artıq ölkədən 100-ə yaxın nümayəndə iştirak edəcək. Həmçinin Azexport portalının sıx əməkdaşlıq etdiyi Alibaba, Amazon, e-bay və digər beynəlxalq ticarət platformalarının nümayəndələri də müzakirələrə qatılacaq.
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi oktyabr ayının 31-də keçirilməsi nəzərdə tutulan konfransla bağlı artıq son məqamları müzakirə edir.