Azərbaycanda marketinq və konsaltinq xidmətlərinin satışı üzrə seminar keçirilir

Azərbaycanda marketinq və konsaltinq xidmətlərinin satışı üzrə seminar keçirilir Tədbir dörd gün davam edəcək
Biznes
2 May , 2017 12:56
Azərbaycanda marketinq və konsaltinq xidmətlərinin satışı üzrə seminar keçirilir

Bakı. 2 may. REPORT.AZ/ Bu gün Bakıda yerli məsləhət xidməti sahəsi üçün nəzərdə tutulmuş marketinq və konsaltinq xidmətlərinin satışı üzrə seminar işə başlayıb. Avropa Yenidənqurma və İnkişaf Bankı (EBRD) tərəfindən təşkil edilən və Avropa İttifaqı tərəfindən maliyyələşdirilən 4 günlük seminarda Azərbaycandan 16 konsaltinq şirkəti iştirak edir. Bu barədə Avropa İttifaqının Bakı nümayəndəliyindən "Report"a daxil olan məlumatda bildirilib.

Təlimdə Azərbaycanda yerli konsultantların yerli kiçik və orta müəssisələrə verdikləri biznes məsləhətlərinə olan tələbatın artmasına nail olmaq məqsədilə onların bacarıqlarının inkişaf etdirilməsi məsələsinə diqqət yetiriləcək. Kurs EBRD ilə sıx əməkdaşlıq şəraitində Beynəlxalq Konsultantlar Assosiasiyasının üzvü Vladimir Çernyavski tərəfindən aparılacaq.

EBRD-nin kiçik biznes üçün məsləhət komandası "know-how" (bilik) və bacarıqlarını təkmilləşdirmək, kiçik və orta müəssisələr üçün uğurlu layihələr həyata keçirmələrini təmin etmək və əhatə etdikləri ixtisas sahələrini genişləndirmək məqsədilə Azərbaycanda fəaliyyət göstərən yerli konsultantlarla əməkdaşlıq edir.

Marketinq və məsləhət xidmətlərinin satışı üzrə təlim konsultantlara bacarıqlarını təkmilləşdirməkdə, problem və məsələləri effektiv şəkildə idarə, aşkar və təhlil etmək imkanlarını genişləndirməkdə, konsaltinq biznesi üzrə ən yaxşı təcrübə haqqında məlumat əldə etməkdə kömək edəcək, eyni zamanda konsaltınq layihələrinin müvəffəqiyyətlə hazırlanıb həyata keçirilməsi üçün idarəetmə vasitələri və praktiki texnika təklif edəcək.

Seminar "EU4Business" təşəbbüsü çərçivəsində Avropa İttifaqı tərəfindən maliyyələşdirilir. 1993-cü ildə Azərbaycanda fəaliyyətə başladığı vaxtdan EBRD 850-dən çox müəssisənin inkişafını dəstəkləyən "know-how" əldə etməsinə kömək edib. Avropa İttifaqı 2003-cü ildən bu günə qədər bu işi dəstəkləmək üçün 3,7 mln. avro məbləğində vəsait ayırıb.

Son xəbərlər

Orphus sistemi