Yuxarı

Azərbaycanda kiçik və orta biznes üçün kadr bankı hazırlanır

​Azərbaycanda kiçik və orta biznes üçün kadr bankı hazırlanır
© Report/ Elchin Murad

“Azərbaycanda kiçik və orta biznes (KOB) subyektlərinin dəstəklənməsinə yönəldilmiş modellərin və mexanizmlər hazırlanmasında biz təhsil sektorunda fəaliyyət göstərən KOB subyektlərinin potensialından faydalanmaqda maraqlıyıq”.

“Report”un məlumatına görə, bunu Bakıda keçirilən “Təhsil Biznesi Forumu: Mövcud vəziyyət və perspektivlər” mövzusunda tədbirdə İqtisadiyyat Nazirliyinin tabeliyindəki Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov bildirib.

Onun sözlərinə görə, rəhbərlik etdiyi qurum KOB İnkişaf Mərkəzlərinin yaradılmasına başlayıb: “Məqsədimiz bu mərkəzləri özəl təhsil müəssisələrinin iştirakı ilə formalaşdırmaqdır”.

O.Məmmədov onu da deyib ki, Agentlik KOB subyktlərinin təlim və tədris proqramları hesabına təkmilləşdirilməsi, onların səmərəli fəaliyyətinin təmin olunması sahəsində tədbirlər görmək niyyətindədir: “KOB subyektlərinin tələbatına uyğun olaraq, müvafiq ixtisaslar üzrə müasir təhsil proqramlarının, metodiki vəsaitlərin və mövzuların birgə hazırlanmasında maraqlıyıq”.

KOBİA rəhbərinin sözlərinə görə, dövlət başçısının sərəncamına uyğun olaraq, mikro, kiçik və orta sahibkarlıq subyektlərinin istehsal fəaliyyətinin dəstəklənməsi üçün onların kadr potensialının artırılmasına dövlət dəstəyi çərçivəsində KOB üçün kadr bankının hazırlanmasına başlanılıb: “Məqsəd KOB subyektlərinin tələb olunan vəzifələr (peşələr) üzrə ixtisaslı kadrlara ehtiyacını ödəmək, eləcə də ölkə üzrə müxtəlif kadrlara dair məlumatları özündə əks etdirən sistem yaratmaqdır. Bu məsələdə təhsil sektorunda fəaliyyət göstərən qurumlarla da əməkdaşlıq edə bilərik”.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi