Azərbaycanda daha 212 dövlət əmlakı özəlləşdiriləcək

Azərbaycanda daha 212 dövlət əmlakı özəlləşdiriləcək Ən bahalı əmlak təsərrüfat hesabla Təmir Tikinti Sahəsidir
Biznes
17 Aprel , 2017 12:22
Azərbaycanda daha 212 dövlət əmlakı özəlləşdiriləcək

Bakı. 17 aprel. REPORT.AZ/ Əmlak Məsələləri Dövlət Komitəsi (ƏMDK) mayın 16-da dövlət əmlakının özəlləşdirilməsi ilə bağlı daha bir hərrac keçirəcək.

Komitədən "Report"a bildirilib ki, hərraca ümumilikdə 212 əmlak çıxarılıb. Bunlardan 22-si səhmdar cəmiyyəti, 116-sı kiçik dövlət müəssisə və obyekti, 74-ü istifadəsiz qeyri-yaşayış sahəsidir.

Hərraca çıxarılan səhmdar cəmiyyətləri paytaxtla yanaşı Bərdə, Kürdəmir, Salyan, Sabirabad, Lerik, Ağdaş, Tərtər və başqa 8 rayonda yerləşir. Bunlar isə əsasən sənaye, nəqliyyat, təmir, quşçuluq, qida və digər sahələrə aiddir. Onların nizamnamə kapitalı 9-886 min manat arasında dəyişir. Bu kateqoriyaya aid edilən əmlaklar arasında ilkin start qiyməti əmn yüksək olanı paytaxtın Nizami rayonunda yerləşən “Azinterservis” ASC-dir. Adı çəkilən əmlakın səhmlərinin  30%-i 133 167 min manata təklif olunur.

Hərraca çıxarılan kiçik dövlət müəssisəsi və qeyri-yaşayış obyektlərinin əksəriyyəti altındakı torpaq sahəsi ilə birlikdə özəlləşdiriləcək. Belə ki, tikili və torpaq sahəsi ayrı ayrılıqda qiymətləndirilib. Elanda həm torpaq sahəsinin, həm də tikilinin ayrıca qiymətləri, habelə hər ikisinin birlikdə ümumi ilkin satış qiyməti göstərilib. Hərraca çıxarılan kiçik dövlət müəssisəsi və obyektləri məişət, iaşə, qida, toxuculuq, təmir, sənaye, nəqliyyat və digər sahələrinə aiddir. Bu əmlaklar paytaxtla yanaşı Şəki, Sabirabad, Ucar, Cəlilbad, Balakən, Xızı, Mingəçevir və digər şəhər və rayonlarda yerləşir. Hərracda ən yüksək qiymətə özəlləşdirməyə açıq elan edilən əmlak paytaxtın Nizami rayonunda yerləşən Təsərrüfat hesablı Təmir Tikinti Sahəsi olacaq. Adıçəkilən əmlak 1 355,5 min manata təklif edilir. Onun torpaq sahəsi isə 7 869 kv.m təşkil edir. Balakəndə yerləşən Əmlak Kompleksi 825 min manat, Şəki Barama Toxuma Zavodu 363,75 min manat qiymətlə olmaqla qiyməti ilə fərqlənənlər sırasındadır. 

Qeyd edək ki, hərracda özəlləşdirilməsi nəzərdə tutulan istifadəsiz qeyri-yaşayış sahələrindən 6-sı respublikanın ayrı-ayrı şəhər və rayonlarında, qalanları isə paytaxtda yerləşir.

Son xəbərlər

Orphus sistemi