Yuxarı
    Bağlamaq

    Azərbaycanda daha 159 dövlət əmlakı hərraca çıxarılacaq

    Əmlak Məsələləri Dövlət Komitəsi avqustun 29-da dövlət əmlakının özəlləşdirilməsi ilə bağlı daha bir hərrac keçirəcək

    Bakı. 31 iyul. REPORT.AZ/ Əmlak Məsələləri Dövlət Komitəsi (ƏMDK) avqustun 29-da dövlət əmlakının özəlləşdirilməsi ilə bağlı daha bir hərrac keçirəcək.

    “Report” ƏMDK-ya istinadən xəbər verir ki, hərraca ümumilikdə 159 dövlət əmlakı çıxarılıb.

    Bunlardan 25-i səhmdar cəmiyyəti, 64-ü kiçik dövlət müəssisə və obyekti, 64-ü istifadəsiz qeyri-yaşayış sahəsi, 6-sı isə nəqliyyat vasitəsidir.

    Hərraca çıxarılan əmlaklar haqqında ətraflı məlumatı aşağıdakı linkdən əldə etmək mümkündür:

    http://privatization.az/index.php/az/component/content/article?layout=edit&id=2278

    Hərraca çıxarılan kiçik dövlət müəssisəsi və obyektinin əksəriyyəti torpaq sahəsi ilə birlikdə özəlləşdiriləcək. Həm torpaq sahəsinin, həm də tikilinin ayrıca qiymətləndirilməsi aparılıb. Torpaq sahəsi ilə birgə hərraca çıxarılan əmlaklar Bakı, Sumqayıt, Şəki, Yevlax, Şirvan, Sabirabad, eləcə də digər şəhər və rayonlarda yerləşir. Hərraca çıxarılan müəssisələr sırasında Bakının Sabunçu rayonunda yerləşən Yardımçı Təsərrüfat, Balakən Əmlak Kompleksi kimi iri dövlət əmlakları var.

    Hərraca torpaq sahəsi ilə birgə çıxarılan kiçik dövlət müəssisələri sırasında ən yüksək ilkin satış qiyməti Balakən Əmlak Kompleksinə qoyulub. 550 min manata təklif olunan müəssisənin torpaq sahəsi 90 min kv.m-ə yaxın, ümumi faydalı sahəsi isə 3 min kv.m-ə yaxındır. Bundan başqa Bakının Sabunçu rayonunda yerləşən Yardımçı Təsərrüfat 542,5 min manata, paytaxtın Nizami rayonunda olan "İstehsalat Texnoloji Komplektləşdirmə İdarəsi" MMC isə 537,5 min manata hərraca çıxarılıb.

    Hərraca çıxarılan kiçik dövlət müəssisəsi və obyektləri məişət, iaşə, qida, toxuculuq, təmir, sənaye, nəqliyyat və digər sahələrinə aiddir. İnvestorlar həmin sahələrə sərmayə yatırmaqla öz bizneslərini qura bilərlər. Paytaxtın Nizami rayonunda yerləşən “Mebellərin təmiri emalatxanası” mebel sənayesi istiqamətində fəaliyyət göstərmək üçün əlverişli əmlakdır. Bundan başqa hərracda fəaliyyətini yenidən qurmaqla daha çox gəlir gətirə biləcək əmlaklar sırasında Şəki istirahət zonasını nümunə kimi göstərmək olar. Şəkidə yerləşən həmin obyekt investorlar üçün iaşə sahəsində yaxşı qazanc deməkdir. Nəzərə alsaq ki, hər il Şəkiyə gələn turistlərin sayı artır, belə olan halda bu, əmlakın fəaliyyətinin genişləndirilməsinə, təkmilləşdirilməsinə şərait yaradacaq.

    Hərracda özəlləşdirilməsi nəzərdə tutulan istifadəsiz qeyri-yaşayış sahələrindən 64-ü paytaxtda, qalanları isə Sumqayıtda şəhərində yerləşir. Qeyri-yaşayış binasından ən yüksək ilkin satış qiyməti ilə seçilən əmlak paytaxtın Nəsimi rayonunda yerləşir. Belə ki, bu əmlak 250 min manat start qiyməti ilə hərraca çıxarılıb. Həmin əmlakın ümumi faydalı sahəsi 206,2 kv.m təşkil edir. Özəlləşdirilməyə açıq elan edilən belə əmlakların sahəsi 10 - 547 kv.m arasında dəyişir.

    Hərraca daha az investisiya tələb edən əmlaklar da çıxarılıb. Bunlardan Sumqayıt şəhərində yerləşən, sahəsi 21,7 kv.m olan qeyri yaşayış sahəsini nümunə kimi göstərmək mümkündür. Həmin əmlakın ilkin start qiyməti 2 min manat təşkil edir. Həmçinin Bakının Nizami rayonunda yerləşən sahəsi 33,7 kv.m, ilkin start qiyməti isə 4 min 500 manat təşkil edən qeyri-yaşayış sahəsini də bu kateqoriyaya aid etmək olar.

    Hərracda özəlləşdiriləcək səhmdar cəmiyyətlərə məişət, təmir-tikinti, sənaye, aqrar, nəqliyyat, inşaat, istehsal və s. sahələrə aiddir. Belə iri müəssisələr sırasında “Qax Taxıl”, “Saatlı Broyler”, “Ağdaş Quşçuluq”, ”Yevlax Kəndnəqliyyat”, “İmişli Yağ Pendir” və s. var.

    Hərraca çıxarılacaq 6 nəqliyyat vasitəsinin qiyməti isə 1200 manatla 4 min manat arasında dəyişir. Özəlləşdirilən nəqliyyat vasitələrinin markaları da müxtəlifdir.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi