Yuxarı

Azərbaycanda bu il sahibkarlara 101 mln. manat güzəştli kredit verilib

Bugünədək Aran iqtisadi rayonunda fəaliyyət göstərən sahibkarlara 493 mln. manat güzəştli kredit verilib

Bakı. 8 sentyabr. REPORT.AZ/ İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu (SKMF) bu gün İmişli rayonunun Cəfərli kəndində işgüzar forum keçirib.

“Report” İqtisadiyyat Nazirliyinə istinadən xəbər verir ki, forumda sahibkarlara güzəştli kreditlərin alınması mexanizmi barədə məlumat verilib, İmişlidə həyata keçirilməsi məqsədəuyğun hesab olunan nümunəvi layihələr təqdim olunub, sahibkarların investisiya layihələri maliyyələşdirilib.

Forum çərçivəsində rayonun iqtisadi potensialının reallaşdırılması məqsədilə prioritet hesab olunan iri fermer, intensiv bağçılıq, cins heyvandarlıq və tərəvəzçilik təsərrüfatlarının, çörək istehsalı və süd emalı müəssisələrinin yaradılması üzrə nümunəvi investisiya layihələrinin təqdimatı keçirilib. Kiçik həcmli investisiya layihələrinin ümumi dəyərinin 100%-dək hissəsinin dövlətin güzəştli kreditləri hesabına maliyyələşdiriləcəyi bildirilib.

Tədbirdə bildirilib ki, bu ilin ötən dövrü ərzində 1 700-dən çox sahibkara 100,6 mln. manat güzəştli kredit verilib. Bu kreditlərdən istifadə etməklə investisiya layihələrinin reallaşdırılması 5 200-ə yaxın yeni iş yerinin yaradılmasına imkan verir. Ümumilikdə, indiyədək Aran iqtisadi rayonunda fəaliyyət göstərən sahibkarlıq subyektlərinin 12 500-dən çox investisiya layihəsinin maliyyələşdirilməsinə 493 mln. manat güzəştli kredit verilib.

Forumda İmişli və ətraf rayonlardan olan 56 sahibkara 780 min manat güzəştli kredit verilib. Bu kreditlər heyvandarlıq, tərəvəzçilik, pambıqçılıq və s. sahələrin inkişafına yönəldiləcək. Bu kreditlərdən istifadə etməklə investisiya layihələrinin reallaşdırılması hesabına 70-dən çox yeni iş yerinin açılması mümkün olacaq. Forum çərçivəsində İmişli rayonunda güzəştli kreditlər hesabına yaradılan iri fermer təsərrüfatında pambıq yığımına hazırlıq işlərinə baxış keçirilib.

Qeyd edək ki, indiyədək ölkə üzrə pambıqçılıqla bağlı layihələrin maliyyələşdirilməsinə Fondun xətti ilə 60 mln. manat, o cümlədən, 2016-cı ilin ötən dövrü ərzində 2,5 mln. manat güzəştli kredit verilib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi