Yuxarı

Azərbaycanda bu il 8 ton ərzaq satışdan çıxarılaraq məhv edilib

Lənkəranda “Azərbaycanda istehlakçı hüquqları qorunur” mövzusunda konfrans keçirilib

Bakı. 30 sentyabr. REPORT.AZ/ Bu gün Lənkəranda İqtisadiyyat və Sənaye Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinin təşkilatçılığı ilə 200-dən çox istehlakçının iştirak etdiyi “Azərbaycanda istehlakçı hüquqları qorunur” mövzusunda konfrans keçirilib.

"Report"a nazirlikdən verilən məlumata görə, Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinin rəis müavini Araz Əliyev istehlakçıların hüquqlarının müdafiəsi sahəsində maarifləndirmə tədbirlərinin, istehlakçı fəallığının artmasının əhəmiyyətindən danışıb.

A.Əliyev Dövlət Xidmətinin təşkilatçılığı ilə müvafiq dövlət qurumlarının, ictimai təşkilatların, sahibkarların, istehlakçıların və kütləvi informasiya vasitələrinin nümayəndələrinin iştirakı ilə keçirilən seminar və konfransların bu baxımdan əhəmiyyətini qeyd edib.

İstehlakçıların hüquqlarının qorunması istiqamətində görülən maarifləndirmə işləri barədə məlumat verən A.Əliyev bildirib ki, 2015-ci ilin ötən 8 ayında istehlakçıların maarifləndirilməsi məqsədilə 18 adda 60 minə yaxın buklet, sahibkarların istehlakçıların hüquqlarının qorunması sahəsində vəzifələrinə dair 6 adda 3200 yaddaş kitabçası hazırlanaraq paylanıb. Hazırda KİV ilə istehlakçıların maarifləndirilməsi istiqamətində əməkdaşlıq davam etdirilir, müxtəlif maarifləndirici materiallar dərc edilir, birgə televiziya verilişləri hazırlanır.

Dövlət Xidmətin rəis müavini istehlak bazarının keyfiyyətsiz mal və xidmətlərdən qorunması istiqamətində həyata keçirilən inzibati tədbirləri də diqqətə çatdırıb. Vurğulanıb ki, 2015-ci ildə həyata keçirilmiş nəzarət tədbirləri zamanı mənşəyi məlum olmayan, saxlama müddəti ötmüş, etiketlənməsi, keyfiyyət və təhlükəsizlik göstəriciləri normativ sənədlərin tələblərinə uyğun olmayan 7,7 ton müxtəlif növ ərzaq, 0,2 ton qeyri-ərzaq malları satışdan çıxarılaraq məhv edilib.

Sonda tədbir iştirakçılarına istehlakçı hüquqlarına dair maarifləndirici materiallar paylanıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi