Yuxarı

ABŞ, Azərbaycan və Gürcüstan ikili təyinatlı malların ixracına nəzarət məsələlərini müzakirə edir

Toplantıda ABŞ təcrübəsinin öyrənilməsi diqqət mərkəzindədir

Tbilisi. 4 may. REPORT.AZ/ Tbilisidə ikili təyinatlı malların ixracına nəzarət, bu sahədə qanunvericilik və sistemin iş prinsipləri mövzusunda beynəlxalq konfrans keçirilir.

"Report" xəbər verir ki, tədbir ABŞ Dövlət Departamentinin İxraca nəzarət Proqramı çərçivəsində Enerji Departamenti ilə birgə təşkil olunub.

Konfransda ikili təyinatlı, eləcə də hərbi təyinatlı malların ixracına nəzarət, bu sahədə beynəlxalq əməkdaşlıq, təcrübə mübadiləsi, qanunvericilik və digər məsələlər müzakirə olunub.

Tədbirdə Azərbaycan Dövlət Gömrük Komitəsi, Fövqəladə Hallar, İqtisadiyyat, Energetika və Müdafiə Sənayesi nazirliklərinin məsul əməkdaşları iştirak edirlər.

DGK-nin Mərkəzi Gömrük Ekspertiza İdarəsinin rəisi Mehriban Əlizadə jurnalistlərə müsahibəsində bildirib ki, bu tədbir Azərbaycan üçün mühüm əhəmiyyət kəsb edir: “Bu tədbirdə Azərbaycan, ABŞ və Gürcüstanda ikili təyinatlı mallar üzrə görülmüş işlər, ixrac nəzarətinə düşən və hərbi təyinatlı mallara ixrac nəzarəti sisteminin tətbiqi, gömrük sistemində tətbiq olunan nəzarət mexanizmləri müzakirə olunub, ölkələr arasında təcrübə mübadiləsi aparılıb. Düşünürəm ki, gələcəkdə bu təcrübədən faydalanmaq lazımdır. İkili təyinatlı malların ixracına nəzarət, son istifadəçinin təyin olunması, lisenziyaların verilməsi sahəsində çoxlu işlər görülməlidir. Ona görə də bu cür tədbirlər olduqca vacibdir”.

ABŞ-ın Azərbaycandakı səfirliyinin İxraca nəzarət və dövlət təhlükəsizliyi proqramının əlaqələndiricisi Sabir Əliisgəndərov isə deyib ki, ixraca nəzarət və bu sahədə işbirliyinə həsr olunmuş bu tədbirin İstanbulda keçirilməsi planlaşdırılıb. Lakin təhlükəsizlik baxımından sonradan tədbirin Tbilisidə keçirilməsi qərara alınıb. Tədbirdə Azərbaycan, Gürcüstanın müvafiq dövlət strukturları və ABŞ-ın İxraca Nəzarət Departamentinin əməkdaşları çıxış edərək məsələylə bağlı fikirlərini bölüşüb, təcrübələrini paylaşıblar. İkili və müdafiə təyinatlı malların ixracına nəzarət, qloballaşan dünyada təhlükəsizlik məsələləri bu gün bütün dövlətləri ciddi narahat edir. ABŞ, Azərbaycan və Gürcüstan da bu sahədə əməkdaşlıq etmək barədə qərar qəbul ediblər. Tədbirdə bu əməkdaşlığın perspektivləri, görüləcək işlər müzakirə olunub”.

Mayın 5-də işini davam etdirəcək tədbir çərçivəsində Azərbaycan və Gürcüstanın nümayəndələri təqdimatla çıxış edəcəklər. Toplantıda qonşu dövlətlərin bu sahədə əməkdaşlığı, ABŞ təcrübəsinin öyrənilməsi diqqət mərkəzində olacaq.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi